Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclası keçirilib

ABŞ-ın Las Veqas şəhərində start götürəcək güləş üzrə dünya çempionatı öncəsi Dünya Güləş Birliyi (DGB) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İK üzvü Namiq Əliyev də iştirak edib.

Xatırladaq ki, bu, 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi DGB İcriyyə Komitəsinin ilk toplantısıdır.

Tədbirdə 2015-ci ilin yanvar ayından bu günə qədər DGB tərəfindən görülən işlərin hesabatı dinlənilib, 2016-cı ilin yanvar ayında nəzərdə tutulan Olimpiya test yarışları, Rio Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə