"Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimi muğam ustası Alim Qasımovun bədahətən ifa edəcəyi muğamla başlayacaq. SİA-nın məlumatına görə, 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra qədər geriyə sayım başlayacaq. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərəcək. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın dünyaca məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülür. Şeypur sədaları Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayacaq. Azərbaycanın Dövlət Bayrağı qaldırılacaq və Dövlət Himni səsləndiriləcək. Aprelin 26-da qədim Atəşgah məbədində alovlandırılan, ölkəboyu təxminən 5500 km məsafə qət edən I Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi stadiona gətirəcək. Səhnədə dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru olacaq. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər – Leyli və Məcnundur.
50 ölkəni təmsil edən təxminən 6 min idmançının iştirakı ilə parad başlayacaq. Xalqların paradının önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedəcək. Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzüləcək. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vuracaq. Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi idmançı gətirəcək. Bayraq Avropa Olimpiya Komitəsinin stadiona toplaşmış 50 üzvünü təmsil edir. Daha sonra Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki nitq söyləyəcək. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev "Bakı-2015" I Avropa Oyunlarını rəsmi şəkildə açıq elan edəcək. Səhnəyə yazın gəlişini simvolizə edən Novruzu, "küləklər şəhəri" Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın və kişi çıxacaq. Onların hekayəti kuliminasiya nöqtəsinə çatanda bəşərin birliyə və anlaşmaya ehtiyacı olduğunu xatırladacaq. Mərasimin sonunda bu axşamın 2000 nəfər ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdıracaqlar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi "Yallı"nı oynayacaqlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB