Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatı rahat nəfəs ala bilər"

Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatı rahat nəfəs ala bilər"

Xəbər verdiyimiz kimi, Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirinin 5-ci turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik üzərində qələbə qazanıb. Ağ fiqurlarla oynayan Ş. Məmmədyarov 6 saat 35 dəqiqəlik mübarizənin yekununda dünya çempionunu mat edib. SİA-nın məlumatına görə, mətbuat konfransında Şəhriyar qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb: "Xantı-Mansiyskdə iddiaçıların turnirində Vladimir Kramnikə məğlub olmuşdum. Həmin partiyada böyük üstünlüyüm var idi. Qələbə qazanmağa borclu idim. Amma sonradan oyunda dönüş oldu, Kramnik qələbə qazandı. Buna görə bu dəfə uğur qazanmaq istəyirdim. Ciddi hazırlaşmışam deyə bilmərəm. Biz bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə rəqib olmuşuq. Ona görə ciddi hazırlaşmaq o qədər effektli olmur".

Maraqlıdır ki, indiyə qədər azərbaycanlı şahmatçılar heç vaxt Vladimir Kramnik üzərində qələbə qazanmayıb. Bu mənada Şəhriyar ilkə imza atıb: "Azərbaycan şahmatçıları müxtəlif dövrlərdə güclü rəqibləri məğlub edib. Dünya çempionları Vişvanatan Anand və Maqnus Karlsen üzərində qələbələrimiz olub. Lakin Kramniki heç vaxt məğlub edə bilməmişdik. Kramnik Azərbaycan şahmatçısına ilk dəfə məğlub oldu. İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər".

Ş. Məmmədyarov "ShamkirChess 2015" turnirində ilk qələbəsinin növbəti turlara daha yaxşı hazırlaşmağa kömək edəcəyini deyib: "Sözsüz ki, qələbə qazanmaq yaxşıdır. Çətin qələbə oldu. 6 saatdan artıq yarışmaq çətindir. Fikir verdinizsə, ani olaraq oyunu tez başa vura bilərdik. Amma lazımi gedişi görmədim. Çünki, yorulmuşduq. Şahmatçı 5 saatdan sonra əvvəlki vəziyyətdə oynaya bilmir. Yorğunluq özünü göstərir. Bir dəfə Dortmund turnirində Peter Lekoyla 7-8 saat oynadıq. Axırda zalda heç kimin qalmadığını gördük. Demək istəyirəm ki, uzun partiyalar şahmatçını yorur. Karlsenə məğlubiyyətdən sonra çox düşünürdüm. İndi növbəti turlar haqda fikirləşməliyəm. Qələbəni tez unutmaq lazımdır".

Sumqayıt şahmat məktəbinin yetirməsi Vladimir Kramnikin mətbuat konfransına gəlməməsini belə şərh edib: "Kramnik güclü şahmatçıdır. Dünya çempionudur. 7 saata yaxın mübarizədən sonra yəqin, yorulub. Ona görə mətbuat konfransına gəlmədi. Burada heç bir problem yoxdur. Xantı-Mansiyskdə Kramnikə məğlub olandan sonra özümü toparlayıb mətbuat konfransına gəlmişdim. Həyatımda heç vaxt elə pis olmamışdım. Qələbə vəziyyətində olan oyunu uduzduğum üçün mətbuat konfransının tez bitməsini gözləyirdim. Kramniklə Xantı-Mansiyskdəki mətbuat konfransını heç vaxt xatırlamaq istəmirəm. Amma özümdə güc tapıb orada iştirak etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə