Bu gün "Tour d’Azerbaidjan" beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov, Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarələrinin, "Azəryolservis" ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə keçiriləcək "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunacaq. Mayın 6-da start götürəcək "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb: "Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək planlaşdırlıb. I Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib".
S. Ələkbərovun sözlərinə görə, "Tour d’Azerbaidjan" yarışında 24 ölkədən 25 kollektivin iştirakı təsqdiqlənib ki, onlardan 4-ü pro-kontinental, "Synergy Baku" da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi "Eurosport" kanalı ilə 3, "İdman Azərbaycan" kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın I Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.
İclasda "Tour d’Azerbaidjan" beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB