Şahmatçılarımız Avropa çempionatında uğurla çıxış edir

Şahmatçılarımız Avropa çempionatında uğurla çıxış edir

Gürcüstanın Batumi şəhərində keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatı sona yaxınlaşır. Şempionatda 45 ölkədən 1000-dək zəka sahibi birincilik uğurunda mübarizə aparır. Ölkəmizi bu çempionatda müxtəlif yaş qruplarında 98 şahmatçı təmsil edir.

18 yaşadək qızlar arasında mübarizə aparan həmyerlimiz, Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva aktivinə 7.5 xal yazaraq qrupun vahid lideridir. Bu qrupda mübarizə aparan digər şahmatçılarımız Günay Məmmədzadə və Aytən Əmrayeva isə 4.5 xal toplayaraq 15-16-cı yerləri bölüşürlər.

Aydan Höccətova 16 yaşlı qızlar arasında 6 xalla 4-6-cı yerləri bölüşdürür. Eyni yaşlı oğlanların mübarizəsində Zaur Bayramov 5 xal toplayaraq 14-cü yerin sahibidir. On dörd yaşadək oğlanlar arasında 2 təmsilçimiz - Pərviz Həşimov və Niyazi Nağdiyev 6 xal toplayaraq 4-6-cı yerləri bölüşdürürlər. Nail Bəşirli və Andrey Mustafin isə 5.5 xalla ilk onluqdadırlar. On iki yaşlı qızlar arasında Gövhər Beydullayeva aktivinə 6 xal yazaraq 4-cü yerdədir.

On yaşadək qızlar arasında Mələk İsmayıl medal qazanmağa namizəddir. M.İsmayıl rəqibindən yarım xal az toplayaraq 6.5 xalla 2-3-cü yerləri bölüşdürür. Ayan Allahverdiyeva isə aktivinə 5.5 xal yazaraq ilk onluqda yer alıb. Eyni yaşlı oğlanlar arasında aktivinə 6 xal yazan Fərid Mustafayev və Vüqar Manafov isə 5-6-ci yerləri bölüşdürürlər.

Səkkiz yaşadək oğlanların mübarizəsində həmyerlilərimizdən Ümid Aslanov və Süleyman Süleymanlı 5.5 xalla 11-12-ci pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə