Əsgərxan Novruzov: “Bütün dünyaya ən güclü olduğumuzu göstərdik” AÇIQLAMA

"FİLA-nın qaydalarına görə, Yeniyetmələrin Olimpiya Oyunlarına sərbəst və yunan-Roma güləşi üzrə hərəsindən 2, qadın güləşi üzrə 1 lisenziya qazanmaq mümkündür. Avropa çempionatında sərbəst güləş üzrə 4 qızıl medal qazandıq. Bununla da olimpiada üçün maksimum 2 lisenziyanı əldə etdik. Dünya çempionatında isə 4 finalçımızdan 2-i qızıl medal qazandı". Bu fikirləri SİA-ya açıqlamasında sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov deyib.

Onun sözlərinə görə, bu ilin ən önəmli yarışı yeniyetmələrin II Olimpiya Oyunları idi: "Biz dünya və Avropa çempionatları ilə yanaşı, idmançılarımızı olimpiadaya da hazırlayırdıq. Hazırlıq prosesi çox yüksək səviyyədə oldu. Çinin Nanjinq şəhərində keçirilən oyunlara tam heyətlə qatıldıq. Orada isə ən yüksək nəticəyə imza atdıq. Sərbəst güləş üzrə 2 çəkidə 2 qızıl, yunan-Roma güləşi üzrə 1 qızıl, 1 gümüş, qadın güləşi üzrə isə 1 gümüş medal qazandıq. Ümumi nəticəyə görə komanda hesabında birinci olduq. Bütün dünyaya ən güclü olduğumuzu göstərdik".

Böyük məşqçi Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğıdan danışıb: "Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Görüş idmançılarımıza daha da stimul verdi. Cənab Prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda yüksək nəticələr qazanırlar və ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. Medal qazanan idmançılarımız və məşqçilərimizə pul mükafatları da ayrıldı. Azərbaycan idmanına göstərdiyi xüsusi diqqətə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə