“Tour d'Azerbaidjan-2014” veloyürüşü ilə bağlı mətbuat konfransı keçirildi FOTOLAR
Xəbər verdiyimiz kimi, sabahdan "Tour d'Azerbaidjan-2014" veloyürüşünə start veriləcək. SİA-nın məlumatına görə, bu gün bununla bağlı mətbuat konfransı təşkil olunub. Konfransda veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və "Tour d’Azerbaidjan"nın texniki direktoru Albrex Reder iştirak ediblər.
Çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov dünyanın 17 prokontinental komandasından 8-nin "Tour d’Azerbaidjan"da iştirak edəcəyini və bu göstəricinin yarışın səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirdiyini bildirib: "Yarışa yüksək səviyyədə hazırlaşmışıq. Ölkəmizdə velosiped idman növü sürətlə inkişaf edir. "Synergy Baku"nun 6 üzvündən 3-ü azərbaycanlıdır. Veteran velosipedçimizin oğlu Maksim Averin "Synerji Baku"un üzvüdür. Azərbaycan vətəndaşı olan M. Averinin komandamıza böyük faydası olacağına inanıram. "Synergy Baku" gənc komanda olsa da, burada peşəkar idmançılar cəmləşib".
Texniki direktor A. Reder yarışın 2.1 kateqoriyasına yüksəlməsinin sevindirici olduğunu qeyd edib. O, "Tour d’Azerbaidjan" veloturunda 33 ölkənin idmançılarının mübarizə aparacağını bildirib. Yarışda 25 komandada 150 idmançının birincilik uğrunda mübarizə aparacağını deyən A. Reder ən çox idmançının Avstraliyadan gəldiyini vurğulayıb. O, yarışda güclü idmançıların iştirak edəcəyini qeyd edib: "Bu yarışa 2012 və 2013-cü ilin qalibləri, müxtəlif beynəlxalq yarışlarda yüksək yerlər tutmuş velosipedçilər qatılıblar. Bu isə, veloturun gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Üçüncü dəfədir ki, "Tour d’Azerbaidjan"da texniki direktor kimi fəaliyyət göstərirəm və buna görə şadam. Velotur bir neçə şəhərdə keçiriləcək. Yarışın son mərhələsi İçəri Şəhərdə təşkil olunacaq. Bu velotur Azərbaycanın gözəl təbiəti və tarixini nümayiş etdirmək üçün də əhəmiyyətlidir. Bütün marşurutlara baxış keçirmişik, heç bir problem yoxdur. Təşkilatçılıq yüksək səviyyədədir".
Daha sonra isə "Synergy Baku" komandası təqdim olunub. Komandanın üzvləri yarış barədə fikirlərini bildirib, hədəfləri barədə danışıblar.
Komandanın velosipedçisi Elçin Əsədov belə yüksək səviyyəli yarışın ölkəmizdə keçiriləcəyinə görə çox sevindiyini qeyd edib: "Yarışda hədəfim ən azı bir mərhələnin qalibi olmaqdır. Belə yüksək səviyyəli yarışın Azərbaycanda keçiriləcəyi 3-4 il öncə xəyallarıma da gəlməzdi".
Digər velosipedçimiz Samir Cəbrayılov komandasının uğurlu çıxış edəcəyinə inandığını bildirib.
Sonra "Synergy Baku"nun digər üzvləri Markus Eybeger, Metyu Bremmier, Maksim Averin, Aleksandr Surutkoviç , komandanın baş meneceri David Makkuvayd, Azərbaycanın veteran velosipedçisi Aleksandr Averin, "Synergy Baku"nun idman direkoru Ceremi Hant çıxış edərək təşkilati işlərin yüksək səviyyədə olduğunu bildirib, komandamıza uğurlar arzulayıblar.
Qeyd edək ki, yarışa sabah saat 10:30-da Dövlət Bayraq Meydanından start veriləcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB