BDU-da fakültələrarası futbol çempionatının püşkatma mərasimi keçirilib
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin ənənəvi olaraq həyata keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş tədbirlərindən biri olan fakültələrarası futbol çempionatının bu gün püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, püşkatma mərasimində BDU THİK-nin sədri Daşqın Qənbərov, İdman kafedrasının müdiri Akif Atakişiyev, Fakültə Tələbə Həmkarlar Təşkilatlarının sədrləri və komanda kapitanları iştirak ediblər.
Hər kəsi salamlayaraq tədbiri açıq elan edən Daşqın Qənbərov ilk öncə idmanın əhəmiyyətindən, ölkədə idmana göstərilən diqqət və qayğıdan danışaraq, gənclərin sağlam yaşaması üçün universitetdə mütamadi həyata keçirilən idman yarışlarından (futbol, həndbol, basketbol, şahmat və s.) söz açıb. "Bu gün ölkəmizdə böyük sürətlə kütləviləşən müxtəlif idman növləri gənclərimizi daha böyük qələbələrə ruhlandırır. Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb. Ötən dövr ərzində Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir", -deyə D.Qənbərov bildirib.
Daha sonra çıxış edən A.Atakişiyev iştirakçılara çempionatın qaydaları, hakimlər briqadası haqqında geniş izah verib. Sonda püşkatma keçirilib və komandalar qruplara bölünüb.
İlk oyun 29 mart, 2014-cü il, saat 10:00-a təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB