Milinko Pantiç: "Qarabağ"ın bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir"

Milinko Pantiç: "Qarabağ"ın bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir"

Topaz Premyer Liqasının 25-ci turuna "Qarabağ" - "Bakı" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, rəqibini 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdırıb. Baş məşqçilərin oyun haqqında fikirlərini nəzərinizə çatdırırıq:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Ədalətli nəticə oldu. Çempionatın ən yaxşı komandası qələbə qazandı. "Qarabağ"ın çox keyfiyyətli oyunçuları var. Bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir. Yaratdıqları 5-6 qol epizodundan 4-nü qola çevirdilər. Biz isə yaratdığımız epizodlardan yararlana bilmədik. Fikrimcə, "Qarabağ" bu il çempion olacaq. Avroliqada iştirak etmək üçün sona kimi mübarizə aparacağıq".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. "Bakı" ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar. Bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildir ki, "Qarabağ"da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə