"Rəvan” klubu Güvənc Kurtar ilə rəsmi müqavilə bağladı

"Rəvan” klubu Güvənc Kurtar ilə rəsmi müqavilə bağladı

"Rəvan" klubu yeni baş məşqçi ilə rəsmi müqavilə bağlayıb. Siasport.az saytının məlumatına görə, Türkiyənin sayılıb-seçilən mütəxəssislərindən olan Güvənc Kurtar ilə 1 illik müqavilə imzalanıb.

Futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi" olan Kurtar daha sonra "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"da fəaliyyət göstərib.

Futbolçu kimi 1979/80-ci il mövsümündə "Kocaelispor"un elitaya çempion kimi yüksəlməsinə hərtərəfli yardım edən Kurtar həmin mövsüm bombardir olmağı da bacarıb. O, final matçında həm oyunda, həm də penaltilər seriyasında qol vurub. G.Kurtar 12 il sonra bu uğuru məşqçi kimi təkrarlayıb. Onun çalışdırdığı "Kocaelispor" 1991/92 mövsümündə çempion olaraq elitaya yüksəlib. Üstəlik, o, dərhal yüksək liqada iddialı komanda yaratmağı bacarıb. Bu mütəxəssisin rəhbərliyi altında çempionluğa oynayan "Kocaelispor" "Fənərbaxça"nı qabaqlayaraq mövsümü 4-cü sırada bitirmiş və Türkiyəni UEFA Kubokunda təmsil etmək hüququ qazanmışdı. 2000/01 mövsümündə isə G.Kurtar "Diyarbəkirspor"u Superliqaya çıxarmağa nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə