“Dördlər finalı”nın oyunları Bakıda keçiriləcək

Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması üçün AFFA UEFA-ya müraciət etmiş, Avropa futbol qurumunun ekspertləri bununla bağlı Bakıda monitorinq aparmışdı. Siasport.az saytının məlumatına görə, monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin iclasında təqdim olunub və hesabata əsasən, futzal üzrə UEFA Kubokunun final mərhələsinin oyunlarının Bakı şəhərində təşkil olunması ilə bağlı qərar qəbul edilib.

"Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və Azərbaycan çempionu "Araz"ın mübarizə aparacağı "Dördlər finalı"nın oyunları 2014-cü ilin aprel ayında "Sərhədçi" İdman Olimpiya Kompleksində keçiriləcək.

Xatırladaq ki, "Araz" əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın "Eyndhoven" komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın "Qyor ETO" klubuna 5:0, Portuqaliyanın "Sportinq" klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə