Mustafa Dənizli: "Bu qədər pulu heç Türkiyədə baş məşqçilərə vermirlər" YENİLƏNİB

Mustafa Dənizli: "Bu qədər pulu heç Türkiyədə baş məşqçilərə vermirlər" YENİLƏNİB

Bu gün "Xəzər Lənkəran" klubunun yeni baş məşqçisi Musatafa Dənizlinin mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, konfrans Bakıda "Fairmont" otelində təşkil olunub. Tədbirdə baş məşqçi ilə yanaşı, klubun vitse-prezidenti Tuyqun Nadirov da iştirak edib.

İlk öncə fikirlərini bildirən vitse-prezident yeni baş məşqçinin Azərbaycan futbolu üçün qazanc olduğunu qeyd edib: "Xəzər Lənkəran" tarixində M.Dənizli ilə ən böyük müqavilələrindən birini bağlayıb. O, sözünü demiş mütəxəssisdir. M.Dənizlini tanıtmağa ehtiyac yoxdur. O, Türkiyənin 3 böyük klubu ilə çempionluq yaşayıb. Belə bir mütəxəssisin Azərbaycan futbolunda olması böyük hadisədir, qazancdır".

Daha sonra M.Dənizli komandada gələcək fəaliyyəti haqqında məlumat verib: "Azərbaycanda işləmək, buranın insanları ilə birlikdə olmaq mənim üçün yeni həyəcandır. Ölkə başçılarımız da hər zaman qeyd edirlər ki, biz bir millət iki dövlətik. Məqsədlərimizdən biri də "Xəzər Lənkəran"ın gələcək üçün uşaq futbolunu inkişaf etdirməkdir. Komandanı hələ yaxşı tanımıram. Ancaq bu 1 il 6 aylıq müddətdə Premyer Liqada mövqeyimizi yaxşılaşdırmağa, Azərbaycan Kubokunda uğurla irəliləməyə, mümkün olarsa, Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Ümid edirəm ki, burada işimiz uğurlu alınacaq və müqavilə müddətimiz uzanacaq.

Türkiyədə bu klubda olduğundan da çox baş məşqçi dəyişikliyi olur. Belə vəziyyət mənim üçün yad deyil. Başqalarının burada nə qədər işləməsinin mənə heç bir aidiyyatı yoxdur. Əsas mənim burada gördüyüm işlərdir. Bu mövzu məni narahat etmir.

Düzdür, hazırda çempionatda o qədər də yaxşı mövqedə deyilik. Ancaq futbolda imkansız bir şey yoxdur. Biz ancaq təxminlərimizi deyə bilərik. Dəqiq bir söz demək olmaz. Mənim üçün əsas hədəf çempionatda ilk 3-lükdə olmaqdır.

Burada düşünülən kimi, bağladığımız 1,5 illik müqavilənin dəyəri 6 mln avro deyil. Bu, çox şişirdilmiş rəqəmdir. Bu qədər pulu heç Türkiyədə baş məşqçilərə vermirlər.

Hələ komandaya hansı mövqeyə yeni futbolçuların gətiriləcəyi barədə qərar verməmişəm. Qarşıda bir neçə oyunumuz var. O matçlardan sonra qərar verəcəyəm. Tələsmək lazım deyil, düzgün qərar vermək lazımdır".

Sonda T.Nadirov M.Dənizliyə "Xəzər Lənkəran"ın formasını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə