Cəmşid Xeyrabadi: “Azərbaycan güləşinin damarına yeni qan vurmaq istəyirik”

Cəmşid Xeyrabadi: “Azərbaycan güləşinin damarına yeni qan vurmaq istəyirik”

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni iranlı baş məşqçisi Cəmşid Xeyrabadi komandada görəcəyi işlər barədə danışıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi bir çox ölkələrdən təklif gəlməsinə baxmayaraq Azərbaycanı seçdiyini vurğulayıb: "11-12 ölkədən təklif gəlmişdi. Həmin ölkələrin ən yaxşısının Azərbaycan olduğu qərarına gəldim. Azərbaycan güləşini araşdırdım və məlum oldu ki, buranın güləşi İran güləşinə yaxındır. Mən burada müvəffəqiyyət eldə edə biləcəyimi düşünürəm və əminəm ki, Azərbaycan güləşini daha da yüksəklərə qaldıracağam. Azərbaycan dövləti və Güləş Federasiyası bu idman növünün inkişafı üçün böyük qayğı göstərir. Azərbaycanda güləşin daha da inkişafı üçün 5 amil lazımdır. Birinci, federasiyasnın diqqətidir ki, bu cəhətdən hər şey yüksək səviyyədədir. İkinci, idmançıların bizim məşqə öyrəşməyidir. Üçüncü odur ki, bundan öncə komanda həftədə 3-4 dəfə məşq edib. Amma indi hər gün iki dəfə məşq edəcək. Dördüncü, jurnalistlərin komandaya diqqətidir, bizim onlara hər zaman ehtiyacımız var. Beşinci, Azərbaycanda olan güləş məşqçilərinin bizimlə həmrəy olması, bizimlə birlikdə çalışmalarıdır.

Biz Azərbaycan güləşinə xidmət göstəririk və daha da inkişaf etdirməyə çalışacağıq. İşləri sevgi ilə görmək lazımdır. Bütün işlərə sevgi və həvəslə yanaşsaq, yüksək nailiyyətlər əldə edəcəyik. Azərbaycan güləşinin damarına yeni qan vurmaq istəyirik.

Komandada ağır çəkidə problem ola bilər. Bu hal baş verərsə, həmin çəkiyə yeni idmançı gətirəcəyəm. O, dünya çempionudur. Dəqiq qərar verilmədiyinə görə adını açıqlamaq istəmirəm. Digər çəkilərdə isə hər şey yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə