Yunis Hüseynov: "Təəssüflər olsun ki, buranı 1 xalla tərk edirik"

Yunis Hüseynov: "Təəssüflər olsun ki, buranı 1 xalla tərk edirik"

Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Xəzər Lənkəran" (1:1) görüşündən sonra təşkil olunan mətbuat konfransında hər iki klubun baş məşqçiləri baş tutan oyun haqqında fikirlərini bildiriblər. Siasport.az saytının məlumatına görə, cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov oyunun ağır keçdiyini bildirib: "Sumqayıt" gənc oyunçulardan ibarət bir komandadır, odur ki meydançada yaxşı mübarizə apardı. Biz bura qələbə üçün gəlmişdik, lakin alınmadı".

Komandanın qələbə qazana bilməməsinin səbəbi kimi mütəxəssis meydançanın pis vəziyyətdə olduğunu vurğulayıb: "Bizim komandamız texnikalı oyunçulardan ibarətdir, meydançanın belə vəziyyətdə olması isə onlara öz ustalıqlarını göstərməyə imkan vermədi".

Yunis Hüseynov "Sumqayıt"ı yaxşı oyun nümayiş etdirdiyinə görə təbrik edib. "Biz meydançaya 3 xal üçün çıxmışdıq, ancaq təəssüflər olsun ki, buranı 1 xalla tərk edirik", - deyə baş məşqçi vurğulayıb.

Öz növbəsində "Sumqayıt"ın baş məşqçisi Bernhard Raab oyunda müəyyənləşən hesabdan razılığını bildirib: "Mən 1 xalın qazanılmasından razıyam. Texniki ustalıq baxımından "Xəzər Lənkəran" daha üstün idi, ona görə demək olar ki, bəxtimizdən 1 xalı qazana bildik. Bir az da bəxtimiz gətirsəydi, qələbə hesabını qoruya bilərdik. Amma 1 xal qazanmağımıza da çox şadam. Meydança bizə kömək oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə