Hafiz Məmmədov: “Universal “Bakı” planı üzərində işləyirik" MÜSAHİBƏ

Hafiz Məmmədov: “Universal “Bakı” planı üzərində işləyirik" MÜSAHİBƏ

"Bakı"nın prezidenti Hafiz Məmmədov komandasının cari mövsümdəki uğursuz çıxışından, eləcə də gələcək planlardan danışıb. Siasport.az saytın klub prezidentinin müsahibəsini təqdim edir:

- "Bakı"nın çıxışına münasibətiniz necədi?


- Komanda heç də pis oyun sərgiləmir. Futbolçuların yeni baş məşqçinin sxeminə uyğunlaşdığı hiss olunur. Lakin təəssüf ki, nəticələr hələlik ürəkaçan deyil. Uşaqlara sadəcə vaxt lazımdır. Çünki yeni baş məşqçi hər şeyi sıfırdan qurur.

- Son zamanlar komandanızın oyunlarını izləmirsiz. Küsmüsünüz?

- Xeyr. Bu, sadəcə, işlərimin çoxluğu ilə əlaqədardır. Mən komandanın nəticələrini həmişə diqqət mərkəzində saxlayıram. Hamı bilir ki, komandam üçün necə şərait yaratmışıq. Əgər futbolçularımız bu şəraitlə də azarkeşlərimizi sevindirə bilmirsə, biz daha nə edə bilərik?

- Hesab etmirsiz ki, komandada ciddi dəyişikliklərə ehtiyac var?

- Hər şeyə rəğmən, mən Bojidar Bandoviçə güvənirəm. Sadəcə, komandada müəyyən dəyişikliklər lazımdır. Qışda bəzi tədbirlərə əl atacağıq. Hazır olmayan futbolçular komandadan gedəcəklər. Komandaya, nəticələrə baş məşqçi cavabdehdir. Transfer siyasətimizi də onun istəyinə uyğun quracağıq. Bizim əsas mübarizəmiz qışdan sonra başlayacaq.

- Klubun bazasındakı tikinti işləri nə yerdədi?

- Tikinti işləri davam edir. Bizim yaratdığımız infrastruktur hər şeyə cavab verir. Hazırda İspaniyanın "Atletico" və Fransanın "Lans" klubları ilə danışıqlar aparırıq. Onlar bizim gənc futbolçularımızı izləyiblər. Nisbətən fərqlənən uşaqlar sözügedən klubların düşərgəsinə yollanacaqlar. İndi elə həmin uşaqların sənədlərini hazırlamaqla məşğuluq.

- Adlarını açıqlaya bilməzsiz?

- Hələ yox. Menecerlərin yoxlamaları davam edir. Mən onlara komandanın bütün üzvlərini sınamağı məsləhət gördüm. Bizim gənc futbolçulara daha çox Jan-Pyer Papen maraq göstərir. O, özü şəxsən iki futbolçumuzu bəyənib. Başqa klublardan da futbolçularımızı bəyənən olsa, biz buna şərait yaradacağıq.

- Niyə məhz "Atletico" və "Lans"?

- Bu klublarda uşaq futbolu ilə bağlı böyük işlər görülür. Mümkündür ki, gələcəkdə digər klublarla da oxşar əməkdaşlıqlara start verək. Amma indiki məqamda bu klublarla işbirliyi bizi qane edir. Bu, Azərbaycan futbolunun inkişafına xidmət edir.

- Sizin "Böyük "Bakı" adlı planınız var idi ki, həmin plana əsasən klubunuz 2012-ci ildə yeni səviyyəyə qədəm qoymalı idi....


- İndi 2016-cı ilə qədər nəzərdə tutulan "Universal "Bakı" planı üzərində işləyirik. Əgər biz gənc futbolçularımızı "Atletico" və "Lans" kimi klublara göndərə bilsək, həmin oyunçular artıq 2016-cı ildə Azərbaycan yığmasının şərəfini qorumağa da nail olacaqlar. Biz əsas gücümüzü ancaq perspektivli futbolçularımızın bu cür qabağa çəkilməsinə yönəltmişik.//Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə