Gənc idman jurnalistləri gənclər və idman naziri ilə görüşdülər

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Gənc Jurnalistlər Proqramı"nın iştirakçıları gənclər və idman naziri Azad Rəhimovla görüşüblər. Siasport.az saytının məlumatına görə, nazirlikdə təşkil olunmuş görüşdə dünyanın 5 qitəsindən olan gənc idman jurnalistləri iştirak ediblər. Tədbirdə nazir qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, iştirak etdikləri layihənin önəmliliyindən danışıb. O, idmanın inkişafında mətbuatın xüsusi rolunu qeyd edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları önə çəkən A.Rəhimov ümummilli lider Heydər Əliyevin idmanın inkişafında göstərdiyi xidmətlərdən danışıb. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Nazir son 20 ildə Azərbaycanda idmana 1(bir) milyard dollar maliyyə yatırıldığını qeyd edib. O, 2011-ci ildə idmançılarımızın 700 -dən çox medal qazandığını vurğulayaraq, olimpiya oyunlarındakı uğurlar barədə məlumat verib. A.Rəhimov Azərbaycanda 84 idman federasiyanın olduğunu, ölkəmizin bir çox dünya və Avropa çempionatlarına ev sahibliyi etdiyini nəzərə çatdırıb. O, 2016-cı ildə U-20 kişilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycanın namizəd ölkə olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə