Qadınlararası dünya çempionatından danışıldı

Qadınlararası dünya çempionatından danışıldı

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışına artıq geri sayım başlayıb. 18 gün sonra ölkəmizdə FIFA bayrağı altında start götürəcək ilk dünya çempionatına hazırlıqlar daha intensiv müstəviyə keçirilib. Uzun zamandır müxtəlif yerli kanallarda, radiolarda anonsları verilən, reklamları davam etdirilən çempionat haqqında bu dəfə də Xəzər TV-də danışılıb. Siasport.az saytının məlumatına görə, Xəzər TV-nin həftə içi səhərlər yayımlanan "Bizim Gün" proqramına qonaq qismində çempionatın Yerli Təşkilat Komitəsinin nümayəndələri, əməkdar artist Aygün Kazımova, qızlar liqasının oyunçuları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nın rəsmi maskotu Top Top Qız qatılıb. Proqramda çempionata hazırlıq çərçivəsində görülən işlərdən danışılıb, YTK nümayəndəsinə ünvanlandırılan suallar cavablandırılıb. Aygün Kazımovanın U-17 qızlardan ibarət milli yığmamıza həsr etdiyi "Futbol" adlı mahnı da proqramda ifa olunub. Aygün xanım milli komandamızın çempionat öncəsi təbliğatı üçün indiyə kimi gördüyü mühüm işlərdən danışıb, həmçinin bundan sonra da Azərbaycanda idmanın, xüsusilə qadın futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Verilişdə tamaşaçı qismində isə çempionatın könüllüləri, U-15 və U-17 qızlar liqasının oyunçuları, qızlardan ibarət "Fidan" klubunun üzvləri iştirak ediblər. Verilişin sonunda bütün iştirakçılarla xatirə rəsmi çəkdirilib.

Qeyd edək ki, "Futbol" klipi sabah Beynəlxalq Media Mərkəzində keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə