\"Mançester Siti\" 44 ildən sonra çempion oldu!

\"Mançester Siti\" 44 ildən sonra çempion oldu!

Futbol üzrə İngiltərə çempionatında misli görünməmiş hadisə baş verib. SİA-nın verdiyi məlumata görə, son turdan əvvəl Mançester şəhərinin hər iki komandası - həm şəhərlilər, həm də \"şeytanlar\" 86 xal toplayaraq birinci və ikinci yerləri bölüşürdülər. Son turda \"Mançester Siti\"nin evdə \"Quin Park Reyncers\"lə, \"Mançester Yunayted\"in isə səfərdə \"Sanderlend\" komandası ilə oyunu birincilərə çempionluq şansı verirdi. Üstəlik \"şəhərlilər\"in çempionatın autsayderlərindən biri ilə qarşılaşması onlara çempionluğa bir addım daha yaxınlaşmaq imkanı yaratmışdı. Amma məsəl var deyərlər, \"sən saydığını say, gör fələk nə sayır\".

Birinci hissənin 39 cu dəqiqəsində \"şəhərlilər\"in çoxsaylı hücumlarından birini Zabaleta qola çevirdi. Düşünmək olardı ki, \"Quin Park Reyncers\" komandası artıq məğlubiyyətlə barışmalı olacaq. İkinci hissənin 48-ci dəqiqəsində Sissenin qolu qonaqları ümidləndirsə də, 55-ci dəqiqədə kapitan Bartonun kobud oyuna görə meydandan qovulması oyunun tərzini dəyişdi. Yenə qonaq komandanın azarkeşləri məğlubiyyətin qaçılmaz olduğunu başa düşdülər. \"Şəhərlilər\"in həm say, həm də oyun üstünlüyü bir nəticə vermədiyi bir anda səhnəyə oyuna ikinci hissədə qoşulmuş Maskiye çıxdı. 66-cı dəqiqədə məhz onun ifasında \"Quin Park Reyncers\" komandası ikinci topu meydan sahiblərinin qapısından keçirdi. 90-cı dəqiqəyə kimi hesab dəyişmədi. Amma əsl möcüzə bundan sonra baş verdi. \"Mançester Siti\" bir dəqiqə içində nəinki hesabı bərabərləşdirdi, həm də qələbə topunu vurdu. Əvvəlcə Ceko oyuna tarazlıq gətirdi, sonra isə Aquero yekun nəticəni müəyyənləşdirdi - 3:2.

Beləliklə, \"Mançester Siti\" komandası İngiltərənin 2011-2012-ci ildə keçirilən çempionatının qalibi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə