"Kəpəz" legionerləri sınaqdan keçirir

Gündə iki dəfə olmaqla məşqlərə start verən "Kəpəz" klubu komandanı formalaşdırmaq istiqamətində işləri də davam etdirir. Siasport.az saytı xəbər verir ki, bir neçə yerli futbolçu ilə sıralarını genişləndirən gəncəlilər artıq legionerləri də sınaqdan keçirmək qərarına gəliblər. Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, Afrikadan baxışa gələn 4 futbolçu ilə bərabər daha 4 legioner də Mehman Allahverdiyevin sərəncamındadır.

"Dünəndən etibarən komandanın məşqlərinə Belarusun Moqilyov şəhərinin "Dnepr" klubunda oynamış 1986-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi Anton Qay, Moldovanın "Tiraspol" futbol klubunda oynamış hücumçu, 1989-cu il təvəllüdlü Yuri Bondarçuk qatılıb. Hazırda "Kəpəz"in məşqçilər korpusu futbolçuların fiziki və taktiki vəziyyətlərini yoxlayırlar",- deyə Məqsəd Rəhimov əlavə edib.

Klub rəsmisi daha iki futbolçunun da baxışa dəvət olunduğunu əlavə edib. Bu, Rusiyanın "Ryazan" futbol klubunun şərəfini qorumuş, mərkəz müdafiəçisi 1980-cı il təvəllüdlü Nelson Leodur. Bundan başqa Mehman Allahverdiyev Rusiyanın Oryol şəhərinin "Rusiçe" komandasında oynamış 1983-cu il təvəllüdlü Nikolay Cvejinçevi də sınaqdan çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə