Mahir Şükürov: “Müdafiəyəmeyilli futbolçu kimi Toni Adamsdan çox şey öyrənəcəyimə əminəm”-MÜSAHİBƏ
Siasport.az saytı Mahir Şükürovun \"Qəbələ FK\" qəzetinə müsahibəsini təqdim edir:
- Artıq komandanın məşqlərində iştirak etmisiniz. İlk təəssüratınız necədir?
- Çox gözəl. Bir həftə komanda ilə birgə oldum. Məni çox gözəl qəbul etdilər. Komandada özümə qarşı doğmalıq hiss etdim. Hətta mənə elə gəldi ki, mövsümün əvvəlindən "Qəbələ"dəyəm. Burda əməlli-başlı ingilissayağı məşqlər keçirilir. Mənim gəlişimə qədər komanda süni meydançada məşq edirdi. İndi komanda yeni istifadəyə verilmiş təbii ot örtüklü meydançada məşq keçir. Ayağım düşərli oldu (gülür).
- Deməli, komandada səni yaxşı qəbul etdilər?
- Başqa cür ola da bilməzdi. Futbolçulardan bəzilərini çoxdan tanıyırdım. "Qəbələ"də çox mehriban kollektiv var. Yeni futbolçu hamı ilə tez dil tapır, kollektivə uyğunlaşır.
- İndiyə qədər çox məşqçilərlə çalışmısınız. Toni Adams sizə necə təsir bağışladı?
- Onu aldatmaq mümkün deyil. Bu yolları o artıq bir neçə dəfə keçib. Çox səmimi insandır. Belə insanlarla işləmək rahat və xoşdur. Bu, məni çox sevindirir.
- Yeni qurulan infrastruktur ürəyinizcədir?
- Elə birinci gündən mənə hər yeri göstərdilər. Doğrudur, "Xəzər-Lənkəran" və "Bakı" klublarının gözəl şəraiti var, amma Qəbələdə gördüyüm tamamilə başqa şeydir. Məşq üçün beş meydança var. Burada hətta qışda da məşq etmək üçün üstüörtülü meydança istifadəyə verilib.
- "Qəbələ"də gördüklərinizi oynadığınız sonuncu klub olan "Anji"nin (Rusiya) şəraiti ilə müqayisə edə bilərsiniz?
- "Anji"də belə şərait, belə təlim-məşq bazası yoxdur. Ümumiyyətlə, qurulmaqda olan yeni bazamız Avropada əksər klubların həsəd apara biləcəyi səviyyədə olacaq.
Çünkü ilk gündən klubda gördüklərim, sözün həqiqi mənasında, məni valeh etdi. Hər bir futbolçunun arzusunda olduğu şəraiti məhz "Qəbələ"də gördüm. Bir tərəfdən də Toni Adams amili bu komandanı seçməyimdə həlledici oldu. Dünya futbolunun ən yaxşı müdafiəçilərindən biri olan İngiltərə milli yığma komandasının keçmiş üzvü səni öz komandasına dəvət edirsə, bunu gəbul etməmək, ən azından, yanlışlıq olardı. Onunla eyni komandada çalışmaq nəyə desən dəyər. Müdafiəyəmeyilli futbolçu kimi ondan çox şey öyrənəcəyimə əminəm.
- Milli komandanın, mütəmadi olaraq, klubunu dəyişən futbolçularındansınız. "Qəbələ"də nə qədər qalmağı planlaşdırırsız?
Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Səhv etmirəmsə, komandanın baş məşqçisi də həmin müddətdə "Qəbələ"də işləyəcək. Əl-ələ verib, komandanın uğurları üçün çalışacağıq. Yeni mövsümdə mənə həm də kapitanlıq sarğısı həvalə olunacaq. Klub iki ildən sonra müqavilənin uzadılmasında maraqlı olacaqsa, buna yenə də razılıq verəcəm.
- Deməli, gələn mövsümdə "Qəbələ"nin yeni kapitanı olacaqsınız?
- Kapitanlığı Toni Adams özü mənə təklif etdi. Dedi ki, səni komandanın kapitanı görmək istəyirəm. Mən də təbii ki, can-başla bu məsuliyyəti öz üzərimə götürdüm.
- Adams demişdi ki, sizi daha çox müdafiədə oynadacaq. Amma yığmada əsasən yarımmüdafiəçi kimi çıxış edirsiniz. Bu sizi narahat etmir ki?
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdur. Məşqçi hara təyin etsə, orda da oynaya bilərəm. Amma bəzən oyunun gedişində elə məqamlar yaranır ki, daha çox orta xətdə mübarizə aparmağa məcbur oluram.
- Yeni mövsümün hazırlığına qədər bir aydan çox dincəlməyə vaxt tapacaqsınız. Bu müddətdə nə işlə məşğul olmağı planlaşdırırsınız?
- Antalya və Dubaya getməyi nəzərdə tutmuşam. Yaxşı oynamaq üçün yaxşı dincəlmək də lazımdır. Məşqçi korpusu mənim üçün xüsusi proqram tərtib edib. Formada qalmaq üçün harada olmağımdan asılı olmayaraq, hər gün 40 dəqiqə məşq etməliyəm.
- Yığma komandaya nə vaxt qayıtmağı düşünürsünüz?
- Hazır olandan sonra. Həm də gərək, məşqçilər buna qərar versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB