Respublika Şahmat Mərkəzində təşkil edilən I dəstə yarışlarına yekun vurulub - FOTOLAR

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışlarına yekun vurulub. Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə seçmə xarakter daşıyan turnirdə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yeri tutan şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıb.

Beləliklə, 7 xal toplayan Murad İbrahimli yarışın qalibi olmaqla yanaşı həm də Azərbaycan çempionatında iştirak hüququ əldə edib. Hərəyə 6 xal toplayan və müvafiq olaraq 2-5-ci yerləri bölüşən Kənan Qarayev, Süleyman Süleymanlı, Ümid Aslanov və Paşam Əlizadə kişilər arasında Azərbaycan çempionatında mübarizə aparacaq.

Qadın şahmatçılardan hərəyə 7,5 xal toplayan Lalə Hüseynova və Məryəm Ağaverdiyeva yarışı 1-2-ci yerlərdə başa vurmaqla ölkə çempionatına vəsiqə əldə edib.

Qeyd edək ki, yarışın mükafat fondu 10 min manat təşkil edib. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafata sahib çıxıb. Kişi və qadınlar arasında Azərbaycan çempionatı yanvarın 31-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə