ŞKTC-nin U12 futbol komandası beynəlxalq turnirdə iştirak üçün Azərbaycana yola düşüb

ŞKTC-nin U12 futbol komandası beynəlxalq turnirdə iştirak üçün Azərbaycana yola düşüb

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) U12 gənclər futbol komandası “Ulduz Cup” beynəlxalq turnirində iştirak etmək üçün Azərbaycana yola düşüb. SİA xəbər verir ki, azarkeşlər, eləcə də futbolçuların yaxınları və dostları Lefkoşa şəhərinin “Ercan” hava limanına toplaşıblar.

ŞKTC-nin gənclər futbol komandalarının baş məşqçisi Hüseyn Kızmazoğlu bildirib ki, 12 yaşlı idmançılardan ibarət yığma komanda yüksək motivasiyalıdır və turnirdə qalib gəlməyə hazırdır.

“Quba şəhərində keçiriləcək oyunlar təcrübə qazanmaq üçün yaxşı fürsət olacaq. Bu həm də özünü göstərmək üçün şansıdır. Biz ŞKTC-ni ən yüksək səviyyədə təmsil etməyə hazırıq”, - deyə Kızmazoğlu əmin edib.

Onun sözlərinə görə, gənclər arasında keçiriləcək futbol turnirində Azərbaycan və ŞKTC futbolçuları ilə yanaşı, Özbəkistan, Belarus, Gürcüstan və Türkiyədən olan komandalar da iştirak edəcək.

Turnir sentyabrın 1-də başlayır, qaliblər isə sentyabrın 7-də müəyyən ediləcək.

ŞKTC-dən olan 19 futbolçunu Azərbaycana səfərdə Kipr Türk Futbol Federasiyasının (KTFF) nümayəndələri müşayiət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə