Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirilib

Avarçəkmə üzrə Bakı açıq çempionatı keçirilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı bulvarında AKAF-ın binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıblar.

Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıblar. AKAF-ın, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə maraqlı mübarizə şəraitində keçən açıq çempionatda qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıb.

Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə