Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.

SİA xəbər verir ki, forumun ilk günü Fərid Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşündə də çıxış edib.

ABŞ-yə səfər çərçivəsində F.Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin Qlobal Gənclər üzrə Xüsusi Elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

Nazir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə