Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

İspaniyalı tennisçi Rafael Nadal Barselonadakı mətbuat konfransında yenidən tennis meydançasına qayıtdığını açıqlayıb.

SİA xəbər verir ki, “Böyük dəbilqə” turnirinin qalibi Rafael Nadal bu gün tennis ustası italiyalı Flavio Kobolli ilə ilk dövrədə qarşılaşacaq.

“Buraya gəldim və qərarımı son dəqiqəyə qədər təxirə saldım, çünki oynayacağımı bilmirdim. Sabah tennis kortuna çıxacağam. Mənim üçün Barselonada oynamaq imkanı əsl hədiyyədir. Mən bu ili karyeramın sonuncu ili kimi qəbul edirəm və onun hər anından zövq almaq istəyirəm”, - R.Nadal deyib.

“Böyük dəbilqə” turnirinin 22 qat çempionu Barselonaya bütün komandası - Karlos Moya, Mark Lopes və Qustavo Markaçço adlı üç məşqçi və fizioterapevt Rafael Maymo ilə birlikdə səfər edib.

Nadal yanvar ayından bəri oyun keçirməyib, ötən mövsüm isə “Australian Open” turnirində aldığı zədəyə görə demək olar ki, bütün oyunlardan kənarda qalıb.

Təxminən 2,8 milyon avro mükafat fondu olan ATP-500 adlı qrunt turniri aprelin 15-dən başlayıb və 21-dək Barselonada davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə