" Hər bir komandaya qalib gəlmək gücündəyik..."

İsveçrə ilə səfərdəki oyunun ilk hissəsindəki çıxışımız göstərdi ki, hər komandaya qalib gələ bilərik.

SİA xəbər verir ki, bu sözləri basketbol üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda doğma meydanda Kosovoya 87:77 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Yığmanın daha çox təlim-məşq toplanışı keçəcəyi təqdirdə uyğunlaşma baxımından problemin yaşamayacağını bildirən A.Həmzəyev qeyd edib: “İndi yay dövründəki fasilə zamanı öz üzərimizdə işləyəcəyik. Həm yerli, həm də əcnəbi oyunçuların meydanda bir-birini yaxşı başa düşmələri komandanın nəticə qazanmasına kömək olacaq. Məqsədimiz İrlandiyanı səfərdə məğlub etməkdir. Düşünürəm ki, Bakıda İsveçrə yığmasına da qalib gələ bilərik”.

Tahir Baxşıyevin yığmanın baş məşqçi təyin olunmasının kollektivə müsbət təsir göstərdiyini deyən kapitan bildirib: “Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi təyin edilməsi uğurlu seçimdir. Onunla komanda yoldaşı olmuşuq. İndi isə rəhbərliyi altında çıxış edirik. O, bütün basketbolçuların nəyə qadir olduqlarını çox yaxşı bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə