"Şükürlər olsun ki, bu gün hər şey yaxşı sonluqla başa çatdı" - Qurban Qurbanov
"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Neçə illər belə bir şansımız olmuşdu, amma istifadə edə bilməmişdik. Şükürlər olsun ki, bu gün hər şey yaxşı sonluqla başa çatdı. Belə bir uğur əldə etmək həm futbolumuza böyük bir təkan, həm də futbolçularımıza inam verəcək. Güclü komandaların ölkəmizə gəlməsi və onlara qarşı yaxşı oyun nümayiş etdirmək yalnız Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərə bilər". SİA xəbər verir ki, bu sözləri Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda baş tutan "Qarabağ" və "Hakken" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Elə oyunlar olub ki, son saniyələrdə şansımızı əldən vermişik. Amma illərlə mübarizə apardıqdan sonra nailiyyət əldə etdikdə bu daha da faydalı olur. Yəni, məğlub olduğumuz oyunlara fokuslanmaq lazım deyil. Dəfələrlə uduzsaq da, hər növbəti oyunda meydana qələbə qazanmaq üçün çıxmalıyıq",- deyə mütəxəssis əlavə edib.
Q.Qurbanov dekabrın 18-də baş tutacaq püşkatma barədə də fikirlərini bölüşüb: "Potensial rəqiblərin hər biri güclüdür. Rəqibimiz kim olsa da, ona qarşı ciddi hazırlaşmağa çalışacağıq".
Baş məşqçi oyundan qırmızı kart alaraq kənarlaşdırılan Marko Vesoviçin növbəti oyunda iştirak edə bilməyəcəyi barədə də danışıb: "Növbəti oyuna kimi vaxtımız hələ çoxdur. O vaxta kimi futbolçuların hansı səviyyədə olacağı və ya rəqibimizin kim olacağı məlum deyil. Ümumilikdə isə ciddi bir problem görmürəm. Düzdü, Vesoviç çox əziyyət çəkən, nizam-intizamı qoruyan bir futbolçudur. Amma onun yoxluğunu hiss etdirəcəyimizi düşünmürəm".
"Marko Vesoviç qırmızı kart aldıqdan sonra müdafiədə daha çox oynamağımıza baxmayaraq yaxşı əks-hücumlarımız oldu. Belə halların olması məni sevindirir. Çünki oyunçularda belə bir fikir yaranıb ki, biz ancaq hücumda oynamalıyıq. Amma önəmli olan bu deyil",- deyə o bildirib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB