Güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTOLAR

Güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində xüsusi orkestrin müşayiəti ilə çempionatda iştirak edən ölkələrin bayraqları ictimaiyyətə təqdim edilib.

Bağlanış mərasimində Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede, Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov iştirak ediblər.

İlk olaraq çıxış üçün söz Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvedeyə verilib. Çempionatın təşkilatçılığını yüksək qiymətləndirən Şvede qeyd edib ki, Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də inkişaf yüksək səviyyədədir: "Dünya çempionatında iştirak edən güləşçilərin mübarizə aparması üçün hər bir şərait var. Yarış boyu həm dostluq, həm də rəqabətin şahidi olduq".

Dirk Şvede çıxışının sonunda bütün qalibləri təbrik edərək Azərbaycana öz təşəkkürlərini ifadə edib.

Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, təşkilat komitəsinin nümayəndələri Elnur Həbibov və Elşən Mirzəyev Beynəlxalq Hərbi İdman Şurasının medalları ilə təltif olunub. Abbas Xəlilov isə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov çıxış edib. Tədbir iştirakçılarını salamlayan qurum rəsmisi Bakıda dünya çempionatını qəbul etməkdən məmnun olduğunu ifadə edib.

O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur: “Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini əks etdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən bu çempionat yüksək səviyyədə təşkil olunmuşdur".

A.Xəlilov təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib.

Sonda isə çempionatla əlaqədar video-çarx nümayiş etdirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə