2016-ci ildən etibarən Azərbaycanda Formula 1 yarışları keçirilir. Bu il də ənənəyə sadiq qalaraq aprel ayının 28, 29, 30 tarixlərində təşkil olunan Formula 1 Qran-Prisi həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn turistlər üçün çox əyləncəli və möhtəşəm keçəcək. Şəhərin əsas mərkəz hissələrində yarışları daha yaxından izləmək üçün tribunalar təşkil olunub. Artıq demək olar ki, yarış günlərinin başlanılmasına az bir müddət qalıb. Biz də SİA olaraq yarışın hazırlıq prosesi ilə bağlı son məlumatları öyrənmək məqsədilə Bakı Şəhər Halqasınının inzibati binasına yaxınlaşaraq qurumun mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurovla görüşüb ictimaiyyət üçün maraq doğuran suallara cavab aldıq.
İlk növbədə, T.Teymurov bizi qarşılayıb son məlumatları diqqətimizə çatdırdı. Belə ki, qurum rəsmisi 2023-cü il Formula 1 Qran-Prisinə hazırlıqların davam etdiyini vurğulayıb: “Ümumilikdə biz komanda olaraq hər il qarşımıza qoyduğumuz əsas məqsəd Formula 1 Qran-Prisini ən yüksək səviyyədə keçirməkdir. Biz məhz son 3 ildə qalib ölkənin qalib vətəndaşları kimi bu yarışa hazırlaşırıq. Bu il də əsas məqsədimiz Formula 1 yarışını yüksək səviyyədə həyata keçirməkdir”.
T.Teymurov Formula 1 Qran-Prisi üçün davam etdirilən hazırlıq prosesindən söz açıb: “Yarışlar üçün hazırlıq mart ayının 3-dən başlayıb. Demək olar ki, artıq hazırlıq prosesi başa çatdırılır. Yarışa son 1 həftə qalmış Avtomobil Federasiyası tərəfindən hazırlanmış trekə baxış keçiriləcək və daha sonra yarışa start veriləcək. Yarış günləri çərçivəsində bir-birindən maraqlı əyləncə proqramları təşkil olunacaq. Nəhayət ki, 3 illik fasilədən sonra konsert proqramlarına da start verəcəyik. Belə ki, 28-30 aprel tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışında elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardwell çıxış edəcək. Hardwell "Spaceman", "Apollo" və "Thinking About You" daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir. Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar nümayiş etdirib.
Digər qonağımız isə dünyaca məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı və DJ - Don Diablo 28 aprel, cümə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək. Bununla da, Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardwell ilə yanaşı, Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F1 azarkeşlərinə Bakıda daha bir unudulmaz həftəsonu yaşadacaq”.

Mətbuat katibi Formula 1 yarışları üçün nəzərdə tutulan biletlərin nə qədər satıldığı barədə də məlumat verib. O qeyd edib ki, artıq satılmamış sayılı biletler qalıb. Bilet satışları baxımından ən çox bilet satılan ölkələr üzrə top 3-ə nəzər saldıqda görərik ki, ən çox biletlər Niderlandda, Böyük Britaniyada və Azərbaycanda satılıb. Ümumi olaraq isə Formula 1 Qran-Prisi üçün 100-dən artıq ölkə bilet əldə edib. Demək olar ki, tribunalarda barmaq sayı qədər boş yer qalıb. Abşeron tribunasının B sektoru, Sahil, Flarmoniya, Bulvar tribunası sonuncu olaraq isə Muğam tribunasında da yerlər tamamilə satılıb. Bütün Formula 1 azərkeşlərinə səslənərək bildirmək istrədim ki, yarışı izləmək üçün bilet almağa tələssinlər”.
Bəs yarış günləri hansı küçə və prospektlərdə nəqliyyatın fəaliyyəti dayandırılacaq?
Bu sualımızla bağlı da Turab bəy bütün məlumatları ictimaiyyətin nəzərinə çatdırıb. Onun sözlərinə görə, Bakı Şəhər Halqası daimi olaraq insanların yollarla bağlı olan narazılıqlarını minimuma endirmək üçün çalışır. Fikrimcə, bu il üçün də vətəndaşlarımıza xoş olacaq bir planı hazırlamışıq. Belə ki, aprelin 24-dən 29-na qədər günün planlaşdırılmış saatlarında şəhərin müəyyən küçə və prospektlərində vətəndaşların gediş-gəlişini təmin etmək məqsədi ilə açıq olacaq. Aprelin 25-26-27 tarixlərində isə şəhərin Neftçilər prospektinin Azneft dairəsindən Dəniz vağzalına qədər olan hissəsi, eyni zamanda, İstiqlaliyyət küçəsindən Şeyx Şamil küçəsinə oradan isə Azərbaycan prospektinə qədər olan ərazi dayanma durma olmadan vətəndaşların istifadəsinə veriləcək. Bütün bu ərazilər səhər saat 07:00-09:00-dək axşam saatlarında isə 18:00-dan 20:00-dək açıq olacaq”.
Qurum rəsmisi bildirib ki, Formula 1 Qran-Prisinin ölkədə keçiriləcəyi son ildir: “Bununla əlaqədar olaraq hər hansı bir dəyişiklik baş verərsə, mətbuat vasitəsilə hər kəsə xəbər verəcəyik”- deyə o vurğulayıb.
Daha sonra Formula 1 yarışları barədə hazırlıq prosesində iştirak edən işçi qüvvəsinin fikirlərini də öyrənməyi özümüzə borc bildik:
Rauf Mustafayev: “Artıq 2 aydır Formula 1 yarışlarına görə ölkəmizdə hazırlıq gedir. Həm gecə, həm də gündüz saatlarında işləyirik. Hazırda gördüyünüz kimi, rəngləmə prosesini icra edirəm. Demək olar ki, çox az işimiz qalıb.
Qulu Hüseynli: “Hazırda körpünü tam şəkildə insanların istifadəsinə vermək üçün işləri davam etdiririk. Gördüyünüz kimi, körpünü rəngləyirəm. Uzun müddətdir ki, hazırlıq prosesləri davam edir. Artıq az bir şey qalıb. Yarışlar bitəndən sonra da 1 həftə ərzində qurulan avadanlıqları sökmək işi ilə məşğul oluruq”.
Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə onlara yaxınlaşıb.
Şəhər sakini Əli Vəliyev: Formula 1 yarışları barədə müsbət və ya mənfi bir fikirlərim yoxdur. Lakin onu qeyd edə bilərəm ki, bu yarışlar ölkəmizin dünyada tanınması baxımından yaxşıdır. Çünki belə oyunlar sayəsində turistlər Bakıya axın edir. Bununla onlar bizim ölkəmiz barədə məlumat əldə etmiş olurlar”.

Şəhər sakini Yavər Məmmədli: “Formula 1 yarışları bütün dnüyada tanınmış bir yarışdır. Həmçinin, bu yarışlar bir çox insanlar tərəfindən sevilir. Uzun müddətdir ki, bizim ölkəmizdə də Formula 1 yarışları keçirilir. Bu baxımdan, çox sevindirici bir haldır ki, belə yarışlar bizim ölkəmizdə təşkil olunur”.
Şəhər sakini Heydər Ədalətov: “Düşünürəm ki, Formula 1 yarışları da daxli olmaqla bütün beynəlxalq yarışların və forumların ölkəmizdə təşkil olunması çox müsbət bir haldır. Çünki bunun nəticəsində turistlər Azərbaycanın təkcə Bakıdan ibarət olmadığının fərqinə varırlar. Məhz bu səbəbdən də turistlərin ölkəmizə gəlməsi turizminin inkişaf etməsinə gətirib çıxarır. Buna görə də belə yarışlar davamlı hal almalıdır”.

Şəhər sakini Mahirə Rüstəmova: “Formula 1 yarışları barədə təkcə onu qeyd edə bilərəm ki, biz vətəndaşlar üçün yol baxımdan çətinlik yaradır. Ona görə ki, yarışa hazırlıq prosesi nəticəsində tıxaclar çox müşahidə olunur, buna görə nəvəmi məktəbə aparanda, özüm isə işə gedəndə gecikirəm”.
Şəhər sakini Tural İsmayılov: “Bu cür yarışlar ölkəmizin tanınması baxımından çox böyük əhəmiyyət kəsb edir. Düzdür, uzun illərdir Bakıda yaşamıram, amma eşitdiyimə görə, yarışa hazırlıq dövründə vətəndaşlar yollarda tıxacın çox olmasından əziyyət çəkirlər. Buna görə də müəyyən narazılıqlar yaranır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB