“Oyuna yaxşı hazırlaşmışıq, həftə boyu gərgin məşqlər keçmişik. Baş məşqçinin verdiyi tapşırıqlar üzərində işləmişik”. SİA xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Abdulla Rzayev klubun mətbuat xidmətinə açıqlamasında deyib. 20 yaşlı müdafiəçi sabah Misli Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri matç ilə bağlı fikirlərini bölüşüb: “Oyun həm də derbidir. Qələbə barədə düşünürük. Məqsədimiz 3 xal qazanmaqdır. İnşallah, belə də olar. İndiki vəziyyətdə bizə hər oyundan xal və xallarla ayrılmaq lazımdır”.
Rzayev bildirib ki, bundan öncəki turda “Qarabağ” ilə görüşdə qazanılan bir xal onlar üçün motivasiya olub: “Əhval-ruhiyyəmiz yerindədir, yaxşıdır. Azarkeşlərin də güclü dəstəyi ilə bizə lazım olan nəticəni qazanacağıq”.
Komandaya qışda transfer olunan futbolçu öz oyunu haqqında danışmağı xoşlamadığını deyib. Abdulla onu da əlavə edib ki, fikri kənardakılar bildirsələr, yaxşı olar: “Məşqçilər, azarkeşlər oyunumu qiymətləndirə bilərlər. Mənim işim komandanın yaxşı çıxışına kömək etməkdir. Çalışırıq ki, “Kəpəz” turnir cədvəlində üst pillələrə yüksəlsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB