"Qarabağ"ın yeni transferi mətbuata açıqlama verib

"Qarabağ"ın albaniyalı yeni transferi Redon Cica ölkəsinin mətbuatına açıqlama verib. SİA xəbər verir ki, "Panorama" TV-yə danışan hücumçu Bakıya tez uyğunlaşacağını deyib: "Dünən gəlmişəm, ölkəyə alışıram. Yaxşıyam, inanıram ki, çox tez uyğunlaşacam. Düzünü desəm, bu transfer baş tutana və menecerlərim "Qarabağ" haqda mənə deyənə qədər, çox şeyi bilmirdim.

"Tirana"da hamı mənim adıma sevindi. Son gün məşqçi ilə görüşdüm və mənə ən xoş arzularını bildirdilər. Məşqçi dedi ki, "get, sənə uğurlar arzulayıram və bir neçə ildən sonra Albaniyaya qayıtma. Onlar olmasaydı, mən bu qədər inkişaf etməzdim. Onların sayəsində diqqət çəkdim və transferim baş tutdu".

Redon Cica "Qarabağ"da çox yaxşı qarşılandığını əlavə edib: "İdman direktoru və komandanın digər üzvləri məni çox yaxşı qarşıladılar. Azarkeşlər də çoxlu xoş mesajlar göndərdilər. Məşqçi və futbolçularla görüşməmişəm. Çünki oyun var idi və Bakıda deyildilər. Komanda Konfrans Liqasında mübarizə aparır. Xoşbəxtəm. Qollar vurub, komanda ilə daha irəli getmək istəyirəm".

Cica "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə söhbətindən də danışıb: "Aqolli ilə danışdım və uzun söhbətim olmadı. Məni təbrik etdi və bəzi məsləhətlər verdi. Görən odur ki, "Qarabağ"da əfsanə olub".

Bütün xəbərlər Facebook səhifəmizdə