Hər il dünyada milyonlarla uşaq fiziki, cinsi, emosional və iqtisadi cəhətdən bir çox fərqli istismara məruz qalır. Bəzi ölkələrdə uşaq istismarının ört-basdır edilməsi obyektiv araşdırmaların qarşısını alır və görülən tədbirlərə baxmayaraq, istismar dərəcələri gündən-günə artmağa davam edir. Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i bir növ cinsi zorakılıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır.
Avstraliya uşaqlara qarşı sui-istifadə halları ən yüksək olan ölkələrdən biri kimi seçilir.
İnsan alveri, uşaq əməyinin istismarı, orqan alveri kimi mənfi tendensiyalar günümüzdə bəşəriyyətin üzləşdiyi problemlər sırasındadır. Hər nə qədər qeyd edilən neqativ hallara qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin ümumilikdə bu problemləri tamamilə aradan qaldırmaq mümkün olmur. İnsan alveri kimi xüsusilə də uşaq əməyinin istismarı da günümüzdə dünya üzrə geniş yayılmaqdadır.
Son illərdə uşaq hüquqları və ailə dəyərlərinin qorunması Avropada ən populyar siyasi ideyalardan birinə çevrilib. Rusiya və Belarusdan tutmuş Gürcüstan və Moldovaya qədər onlarla hərəkat “uşaqları əxlaqsız təsirlərdən qoruyan” və ya “ailəni möhkəmləndirən” təşəbbüslərlə siyasi kapitaldan yararlanmağa çalışır.
Nəticədə “uşaqlar arasında homoseksuallığın təbliğinin” qadağan edilməsi və ya qadınların reproduktiv azadlığının məhdudlaşdırılması kimi qanunlar çoxalır ki, bu da siyasi səfərbərlik üçün güclü alətə çevrilir. Lakin heç bir şəkildə əsas problem həll olunmur. Uşaqlarını onların hüquqlarının sistematik şəkildə pozulmasından necə qorumaq olar?
Bəzi ölkələrdə vəziyyət daha da pisləşir.

Nə qədər önləyici tədbirlər görülsə də, uşaqlara qarşı hər il fiziki, psixoloji, cinsi zorakılıq faktları qeydə alınır.
Ölkəmizdə bu ilin on ayı ərzində Dövlət Komitəsinə müxtəlif mənbələrdən cinsi zorakılıqla bağlı 15, uşaq intiharı və intihara cəhdlə bağlı 4, küçə həyatına məruz qalmış uşaqlarla bağlı 12 müraciət daxil olub.
Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri də qadağandır.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün ictimai xadimləri, maarifpərvər ziyalıları, xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. Uşaqların təhsil hüququ, sağlam yaşama hüququ, erkən nikahlara qarşı mübarizə, müharibədən və erməni terrorundan əziyyət çəkən uşaqların qayğı ilə əhatə olunması həmin dövrdə ən aktual məsələlərdən idi. Bu barədə arxivlərdə kifayət qədər məlumatlar, hesabatlar var.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə uşaq hüquqlarının qorunması sahəsində də bir sıra mühüm qanun və qərarlar qəbul edilmişdir. Bunların sırasında ən vacibi uşaqların, xüsusi ilə də qızların təhsil alması, 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması idi. Və xüsusən də, erməni təcavüzündən, I Dünya müharibəsindən əziyyət çəkən uşaqları müdafiə etmək, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilirdi. Hələ o zaman valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün ixtisaslaşmış uşaq məhkəmələrinin yaradılmasına çalışırdı.
Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. XX əsrin 90-cı illərində Müstəqilliyimiz bərpa edilən dövrdə, çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet idi. Keçən 31 ildə uşaqların hüquqlarının qorunması istiqamətində güclü qanunvericilik formalaşmışdır. Və qeyd etmək istərdim ki, bu proses dinamikdir. Dövrün tələbləri və yeni çağırışlar əsasında mövcud qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədiilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir.

Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd, eyni zamanda, yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” , “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi. Nazirlər Kabineti tərəfindən isə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq olundu. 2019-cu ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.
Bu günlərdə “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunu qəbul edilib. Hazırda “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına uyğun olaraq uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq Hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, ”Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi nəzərdə tutulur. Eyni zamanda, təqdim olunan layihədə Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilmiş, həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilmişdir. Bütün bunlar öz növbəsində uşaqlarımızın hüquqlarının müdafiəsi sahəsində mühüm uğurlardır.
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Və bu arzu öz real həlini tapır. Belə ki, son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana, tibb məntəqələri, qırx olimpiya və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.
Lakin bütün bunlarla yanaşı, əfsuslar olsun ki, bu gün erkən yaşda nikaha məcbur edilən, valideynləri və digərləri tərəfindən zorakılığın müxtəlif növlərinə məruz qalan, sosial mühitdə, məktəbdə, icmada bullunqlə üz-üzə qalan, zərərli vərdişlərə aludə olan uşaqlarımız var. Bu uşaqlar bir çox hallarda münaqişəli ailələrdə böyüyürlər. Digər tərəfdən bəzən biz fikirləşirik ki, övladımız evdə oturub, kompüter, planşet və telefonla nəyəsə baxır, evdən kənarda deyil. Lakin ən böyük təhlükə elə uşaqların zərərli informasiyaların təsirinə məruz qalmasıdır. Buna görə də valideynlər çox ehtiyatlı olmalıdırlar. Bu gün valideyn-övlad ünsiyyətində bir çox çətinliklər yaranır, bu baxımdan da müsbət valideynlik bacarıqları inkişaf etdirilməlidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər daha da gecləndirilməli və şaxələndirilməlidir. Əlbəttə ki, burada dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, KİV-in ailə psixoloqlarının, məktəb psixoloqlarının, pedaqoqların üzərinə vəzifələr düşür. Reallıq belədir ki, ölkəmizdə ailə psixoloqları olsa da, onların sayı azdır. Buna görə də ixtisaslaşmaya ehtiyac vardır. Digər tərəfdən insanların bu peşənin nümayəndələrinə münasibətinin dəyşməsi də aktualdır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB