NAYORA-ya hansı gənclər qəbul olunur? - QURUM SƏDRİ AÇIQLADI

Gənclik uşaqlıqdan yetkinlik çağı arasında keçən, bioloji, psixoloji, əqli və sosial inkişafın və yetkinliyin olduğu həyata hazırlıq dövrüdür. Gənclər bir ölkənin ən mühüm sərvəti, gücü və ümididir. Gənclik bir milləti yüksəldən ən mühüm amildir. Gənclik milli şüurla, müasir mədəniyyətlə böyüməlidir. Xüsusilə gənclərin güclü və müsbət xarakterə sahib olması vacibdir. Bəs, bu gün ölkəmizdə gənclərin inkişafı üçün hansı addımlar atılır? Bununla bağlı hansı qurumlar var? Bu qurumlara necə könüllü və ya üzv olmaq olar? SİA-nın sorğusuna cavab olaraq Gənclər Təşkilatları Milli Şurasının, NAYORA-nın sədri Azər Əliyev cavab verib.

Onun sözlərinə görə, NAYORA ölkənin aparıcı gənclər təsisatı olmaqla öz çətiri altında 146 gənclər təşkilatını birləşdirir: "Əsas məqsədimiz tərkibimizə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır".

Azər Əliyev sözlərinə belə davam edib: "Milli Şuraya gənclər təşkilatları üzv, fərdi şəxslər isə könüllü kimi fəaliyyət göstərə bilirlər.

Milli Şuranın bütün statuslu üzvlərinin fəaliyyəti Nizamnamə və Daxili Əsasnamə ilə tənzimlənir. Milli Şuranın Nizamnaməsini və Daxili Əsasnaməni qəbul edən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən gənclər təşkilatı kimi qeydiyyatdan keçən gənclər təşkilatları Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzvlük üçün müraciət edə bilər.

NAYORA gənclər təşkilatları ilə birlikdə gənclər üçün müxtəlif fəaliyyətlər göstərməkdən əlavə, həmçinin gənclər üçün müəyyən imkanlar da təqdim edir. Belə fürsətlərdən biri də könüllülük proqramıdır.

NAYORA-da könüllülük proqramı 4 aydan bir aktiv elan edilir. Belə ki, könüllü kimi seçilən gənclər 4 ay müddətində fəaliyyət göstərərək layihə və tədbirlərdə iştirak edərək, təcrübə toplayırlar. Həmçinin, könüllülər üçün istər katiblər, istərsə də peşəkar təlimçilərin iştirakı ilə müxtəlif istiqamətli təlimlər, infossesiyalar mütamadi olaraq təşkil olunur.

Qeyd edək ki, özünü inkişaf etdirmək, daim bilik və bacarıqlarını artırmaq istəyən həvəsli gənclər NAYORA-da könüllü olaraq bizimlə birlikdə fəaliyyət göstərə bilərlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə