Sosial şəbəkələrdə insanları şantaj edənləri bu cəza gözləyir - DİQQƏT - VƏKİL İZAH ETDİ

"Günü-gündən inkişaf etməkdə olan texnoloji yeniliklərin həyatımıza müsbət mənada təsirləri olduğu kimi, mənfi yanları da var və həmin mənfi tendensiyalar cəmiyyətdə təsirsiz ötüşmür. Durmadan inkişaf edən texnologiyanın mənfi cəhətlərindən biri də virtual mühitdə törədilən cinayətlərlə mübarizə və onların qarşısının alınmasının getdikcə daha da çətinləşməsidir. Bəzi insanlar hələ də elə bilir ki, virtual mühitdə internet şəbəkəsində gizli və ya fake profillə hər hansı bir qanuna zidd əməli törətmək cinayət sayılmır. Ancaq həqiqətdə bu belə deyil". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır: "Hər bir törədilən əməl də adekvat olaraq cəzalandırılmalıdır. CM-nin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-nin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən - internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə -min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Turan Abdullazadə fikirlərinə davam edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır: "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Şantaj dediyiniz şey isə qanunvericilikdə “hədə-qorxu ilə tələb etmə” cinayətidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hədə-qorxu ilə tələb etmənin üsullarında biri olan zərərçəkmiş şəxs və onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi hüquq pozuntusu barədə məlumatlar və sair aid edilə bilər.

Qanunvericiliyin məzmunundan göründüyü şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir, həmçinin mülki məsuliyyətə də səbəb ola bilər. Bu əməli törədən şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə onlara qanunvericiliklə müəyyən olunmuş qaydada cəza təyin edilə bilər. Eyni zamanda şəxsi toxunulmazlıq hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ vardır.

Bir sıra şəxslərin xüsusi proqramlar vasitəsilə bağlı sosial şəbəkə hesablarına ("WhatsApp", "Instagram", "Facebook" və sair hesablara) daxil olaraq şəxslərin iradəsi ziddinə fotoşəkillərinin, videolarının qanunsuz toplanılması və yayılması qanunvericiliyə ziddir və məsuliyyətə səbəb olan haldır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə