İdeyalarımızı necə inkişaf etdirməliyik? - ARAŞDIRMA

İdeya yaratmaq, yeni fikir irəli sürmək bəziləri üçün vərdişdir. Çevikliklə birdən çox insanın bir araya gəlib kollektiv beyinlə fikirlər çıxarmasına zəmin hazırlamaq və vəziyyəti asanlaşdırmaq üçün bir çox texnika var.

Yaradıcılıq insanların müəyyən mənada yeni və dəyərli ideyalar irəli sürmək bacarığıdır. Yaradıcılıq insan beyninin sağ lobu tərəfindən əlaqələndirilən bir xüsusiyyətdir və şəxslərə irsi yolla ötürülə bilər.

Yaradıcı insan orijinal olmalı, səhv etməkdən qorxmamalı, pozitiv düşünməli, azad olmalı və özünü sevməlidir. Bu insanlar praktik zəkaya malik olmalı, baxış bucağı, xəyalları məhdud olmamalıdır, qərəzlərdən uzaq olmalıdır. Həmçinin, problem həll etmə qabiliyyəti də olmalıdır.

Müasir dünyada bir çox insanlar yaradıcılığı fitri istedad kimi təsvir etsələr də, bu, əslində öyrənilən və sonradan dəyişdirilə və inkişaf etdirilə bilən bir şeydir.

Yaradıcı olmaq nə deməkdir?

Yaratmaq və ya yaradıcı olmaq qabiliyyətinə malik olmaq kimi ifadə edilir. Eyni zamanda zəka, düşüncə və təxəyyüldən istifadə edərək yeni bir şey üzə çıxarmaq yaradıcı olmaq kimi ifadə edilir.

Yaradıcılığınızı inkişaf etdirməyin 7 yolu:

1. Düzgün suallar verməklə problemləri yenidən müəyyənləşdirin.

2.Müxtəlif fikirləri birləşdirin.

3. İlk tapdığınız həll yolu ilə ilişib qalmayın.

4. Ehtiyatlı olun

5. Ətrafınızı yaradıcı insanlarla doldurun.

6. Özünüz üçün maneələr qoyun.

7. Təcrübə qazanın.

Bəs, yeni ideyalar irəli sürmək üçün nə etmək lazımdır? Sosial marketinq nədir? İdeyadan necə pul qazanmaq olar? Yaxud ideyaları necə satmaq olar? Ümumiyyətlə, hansı ideyalar insanların marağına səbəb ola bilər? SİA mövzu ilə bağlı araşdırma apararaq sosioloq, marketoloq və mütəxəssislərin fikirlərini öyrənib.

İnk academy şirkətinin təsisçisi, marketoloq Orxan Salmanov: “Sosial marketinq brendə birbaşa fayda gətirmək üçün deyil, sosial dəyişiklik yaratmaq üçün nəzərdə tutulmuş marketinqdir. Ənənəvi marketinq üsullarından istifadə edərək, müəyyən bir problem və ya səbəb haqqında məlumatlılığı artırır və auditoriyanı davranışlarını dəyişməyə inandırmaq məqsədi daşıyır.

Belə ki, sosial marketinq istənilən dəyişikliyi yaratmaq üçün məhsul satmaq əvəzinə cəmiyyətə fayda verən davranış və ya həyat tərzini “satır”. İctimai rifah üçün bu fayda həmişə əsas diqqət mərkəzindədir. Bir məhsulun rəqib məhsullardan necə daha yaxşı olduğunu göstərmək əvəzinə, sosial marketinq arzuolunmaz fikirlər, davranışlar və ya hərəkətlərlə “rəqabət edir”.

Sosial marketinq adətən aşağıdakı mövzular üçün istifadə olunur:

Siqaret və Narkotik əleyhinə;

İdman və sağlam qidalanmanın təşviqi;

Yol hərəkəti qəzalarının azaldılması;

Meşələrin qırılmasına qarşı;

Təbiəti təmiz saxlama;

İrqi, Dini və s. bərabərsizlik yaradan hallara qarşı.

Bu layihələri adətən QHT-lər, Dövlət qurumları, Xeyriyyə təşkilatları və s. həyata keçirir. Adətən Kommersiya məqsədli fəaliyyət göstərən şirkətlər sosial marketinqə o qədər də maraqlı olmurlar. Bəzi istisna hallarda Korporativ Sosial Məsuliyyət daxilində böyük korporasiyalar da sosial marketinq layihələri həyata keçirməklə yadda qalmağa çalışırlar.

Sosial Marketinq ideyaları adətən kreativlik, fərqli baxış tələb edir. Bunun üçün adətən qurumlar fərqli agentliklərlə çalışır, kreativ şəxslərdən bu cür ideyaları alırlar. Bu, o demək deyil ki, sizin maraqlı sosial marketinq ideyanız varsa rahatlıqla sata biləcəksiniz. Siz bir çox proseslərdən keçməli, ideyanızı satma və alacaq adamları inandırmağı bacarmalısınız. Dünyada bir çox uğurlu nümunələr görə bilərik ki, bu sosial marketinq ideyaları ilə milyonlarla insanlara lazım olan mesaj verilib.

Sosial marketinqi bir çox adamlar Sosial media marketinqlə qarışdıra bilərlər. Amma bunlar təmamilə ayrı mövzular və ayrı istiqamətlərdir. Ümid edirəm ki, dünya o qədər gözəlləşəcək ki, Sosial marketinqə ehtiyac qalmayacaq”.

Layihələrin idarə edilməsi üzrə mütəxəssis Fatma Qurbanova: “"Sosial bir layihə ideyam və ya icra etdiyim layihəm var, maliyyəni necə cəlb edə bilərəm?" sualı istər əyani, istərsə də, onlayn formada ən çox aldığım suallar arasında yer alır. Bu gün sizinlə sosial layihələr üçün maliyyə cəlbi fürsətlərindən danışacağıq.

Qeyd edim ki, hansı maliyyə cəlbi formasını seçmək həm ideyadan, həm tələb olunan büdcədən, həm də sizin real şəraitinizdən asılı olaraq dəyişir. O səbəbdən də, bütün qurum və təşkilatlardakı fürsətləri yaxşıca araşdırmağınızı tövsiyə edirəm.

Sosial layihənizi aşağıdakı fürsətlər çərçivəsində maliyyələşdirə bilərsiniz:

- Azərbaycan Respublikasının Nazirlikləri, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, KOBİA kimi dövlət qurumları tərəfindən elan edilən qrant müsabiqələri çərçivəsində.

- Dünya ölkələrinin Azərbaycandakı səfirlikləri, ticarət və sənaye palataları, BMT-nin proqramları tərəfindən elan edilən qrant müsabiqələri çərçivəsində.

- Yalnız Cənubi Qafqaz ölkələri və ya bütün dünya ölkələrinə açıq formada elan edilən beynəlxalq qrant müsabiqələri çərçivəsində. Amma burada sizi daha güclü rəqabət gözləyir.

- Yerli və beynəlxalq şirkətlərin korporativ sosial məsuliyyət (KSM) siyasətləri çərçivəsindəki dəstək mexanizmləri vasitəsilə.

- "Toxum.org" kimi kraudfanding platformaları və ya şəxsi profilləriniz üzərindən aparacağınız maliyyə cəlbi kampaniyaları vasitəsilə.

İndi gələk əsas məsələyə, yeni bir fikir tapmaq üçün nə etməliyik?

Həmişə "Niyə?" sualını verin. Cavab sizi qane etmirsə, yeni bir təklif etmək şansınız var, deməli.

Baxmaq əvəzinə, görməyə çalışın. Qırmızı gödəkçə geyinmədiyiniz müddətcə ətrafdakı qırmızı gödəkçəlilərin fərqinə vara bilməyəcəyinizi unutmayın.

Problemi düzgün təyin və izah edin. Hər hansı sualın bizə öyrədiləndən fərqli olaraq bir yox, bir neçə cavabı var.

Hərçənd ki, "əzbər" cavab və fikirlərdən kənara çıxanda sizi sual dolu baxışlar təqib edəcək, hətta "başımıza iş açma!" cümlələri eşidəcəksiz, yenə də, siz "fərqli" düşünməkdən və fikirlərinizi irəli sürməkdən əl çəkməyin.

Bu tövsiyələrin daha çoxu ilə tanış olmaq üçün "Fikir necə tapılır?" (Jack Foster) kitabını oxumağı unutmayın”.

Mütəxəssis sosial-psixoloq Naib Niftəliyev: “Sosial marketinq Marketinqin bir sahəsi olaraq 1971-ci ildə yaranıb və bunun yaradıcısı ABŞ-ın sosial tədqiqatçısı Pliph Kotler-dir. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülüb. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir. Onun "Marketinqin əsasları" kitabı 2009-cu ildə 9-cu dəfə yenidən nəşr edildi və marketinq sahəsi üzrə əsas "ədəbiyyat"dır.

Sosial marketing dünyanın bir çox ölkələrində mövcuddur. Sosial marketinq də ideyaların cəmiyyətin maraqları və mənafelərinin uzlaşması baxımından lazımdır.

Azərbaycanda sosial sahibkarlıq və sosial marketinq baxımından mühüm addımlar atılır. Bura QHT layihələri də aiddir. Sosial şəbəkələr də sosial marketinqin tərkib hissəsidir. Yeni texnologiyaların inkişafı ilə bu istiqamətdə uğur və gəlir əldə etmək olar. Həmçinin, bu vasitə ilə ideyaları daha geniş kütləyə çatdırmaq olur.

Burada problemli tərəf odur ki, bəzən real ideya öz dəyərini ala bilmir. Bu baxımdan belə məsələlərdə strategiya olmalıdır.

Maraqlı ideyalar daha çox yazar və jurnalistlərdən gəlir. Bu baxımdan ideya mənbəyi deyərkən həmişə fikir adamlarını axtarırlar. İnsanlar üçün həm əyləncəli, həm maarifləndirici, həm də onlara fayda verəcək ideyalar həmişə maraqlıdır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Sosial marketinq müasir dünyada ən çox inkişaf etmiş sahələrdən biridir. Ümumiyyətlə, intellektual əməyin qiyməti bahadır. Dünyanın hər yerində (söhbət təbii ki inkişaf etmiş ölkə və dövlətlərdən gedir) intellektual fəaliyyətlə məşğul olan insanlar yaxşı yaşayırlar. Çünki onların ortaya qoyduğu intellektual məhsulun alıcısı var və onlar öz məhsullarını yüksək qiymətə sata bilirlər.

Azərbaycanda ideyaların satılması və nəticədə bu yolla pul qazanmaq bir o qədər də geniş yayılmayıb. Buna görə də bu sahəyə maraq azdır. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Təəssüf ki, Azərbaycanda çox adam dövlət resurslarını pul qazanmaq üçün ən yaxşı vasitə kimi görür. Buna görə də baş işlətmək, ortaya maraqlı ideya qoymaq deyil, hansısa kabinetlərdə oturmaq insanlar üçün daha cəlbedici görünür.

Məsələn, çox adam ona görə vəkil tutur ki, onunla hakim arasında vasitəçilik etsin. Çox az adamın ağlına gəlir ki, vəkil onun hüquqlarını məhkəmədə müdafiə edə bilər. Acı olsa da, reallıq belədir. Biz azərbaycanlılar nəinki ideyalardan pul qazanırıq, əslində, ümumbəşəri ideyaların bir çoxu bizim ölkəmizdə gözdən düşür, öz əhəmiyyətini, çəkisini itirir.

Əslində, ideyalardan pul qazanmalı olan qurumların başında Azərbaycan Milli Elmlər Akademiyası gəlir. Çünki Azərbaycan alimlərinin böyük hissəsi Milli Elmlər Akademiyasında fəaliyyət göstərir. Amma reallıq isə budur ki, bu gün Milli Elmlər Akademiyası nəinki öz ideyalarından, kəşflərindən, ixtiralarından pul qazanır, əksinə dövlət büdcəsini sümürməklə məşğuldur.

Azərbaycanda intellektual adamlara manıslar qədər hörmət və qiymət qoyulmadıqca, ideyalardan pul qazanmaq çətin olacaq. Ölkədə fəaliyyət göstərən QHT-lər öz nüfuzlarını güclə qoruyurlar. Yaxın illərdə onların ideyalardan pul qazanıb öz ayaqları üstündə durması inandırıcı görünmür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə