İkinci həyat...Bu həyatı yaşayanlara dövlətimizlə yanaşı, cəmiyyətimiz də kömək etməlidir - TƏHLİL+TƏKLİF

Həyatın qəribəliyi ona sığınan müxtəlif taleli insanlarladır. Həyat kimini güldürən, kimini ağladan, kimini xoşbəxt, kimini bədbəxt edən həyatdır. Onun hər kəsə bir yanaşması var. Bu yanaşma ilə talelər müəyyənləşir, alın yazısına çevrilir, bir həyat boyu bu alın yazısı ilə yaşamağa məcbur oluruq. Nə etsək də yazılan taledən qaça, taleyimizi başqa cür yaşaya bilmirik... Elə buna görə də “həyat, sən nə qəribəsən”, - deyirlər.

Bu gün alın yazısına boyun əyib həyatını ailəsi ilə birlikdə deyil, uşaq evləri və internat məktəblərində yaşamağa məcbur olan uşaqlar haqqında söhbət açmaq istəyirəm. O uşaqlar ki, onlar iki həyat yaşayırlar, birini uşaq evləri və internat məktəblərində, digərini isə müstəqil həyatda. Birinci həyatlarından sonra gələn ikinci həyatda onları nələr gözləyir, onlar harada yaşayır, harada çalışırlar?..

Fərqli alın yazısı...

Onların hər birini bir ana dünyaya gətirir. Lakin bir ana olaraq onlara ailə bəxş edə bilmir, bir ailədə firavan şəkildə, atalı-analı böyüməsini təmin edə bilmir. Çünki həyatın keşməkeşləri onu öz qurbanına çevirmiş, bir qadın aldadılmış, ana olmaq məcburiyyətində qalmışdır. Bir qadın 9 ay hamıdan gizlənə-gizlənə yaşamaq məcburiyyətindədir. Nə yediyi, nə içdiyi məlum olmayan, ailəsinin qəbul etmədiyi, hamiləlik səbəbindən artıq bir neçə aydan sonra işləyə bilməyən qadın nə yeyəcəyini belə bilmir. Uşağın atası olan kişi isə ortalıqda görünmür. Dünənədək min bir şirin sözlə, nəvazişlə aldatdığı qadını bu gün belə bir vəziyyətdə qoyub, qaçıb gizlənib. Çarəsiz qadın isə səfalət içərisində yaşamağa məcbur olub.

9 ay tamamdır, ya da heç tamam olmayıb. Hansısa stressdən, normal olmayan yaşam tərzindən uşaq dünyaya gəlir. Ana xilas olmaq üçün onu küçəyə atır, əlləri ilə internat evlərinə də verə bilmir. Utanır, kimliyini gizlədir. Hansı ki, hər bir qadın ana olmağı haqq etdiyi qədər, uşaqların hər birinin isti ana qucağı, ana südü, ana laylası haqlarıdır. Lakin belə analar bunları dünyaya gətirdiklərinə verə bilirlərmi? Övladları, balaları demirəm, dünyaya gətirdikləri, deyirəm. Çünki övlad, bala sözləri istəyərək dünyaya gələn uşaqlara aiddir. İstəməyərəkdən dünyaya gələn uşaqlar onların

(valideyn demirəm) övladı adlandırmaq günahdır. Belə qadınlar bütün hallarda ana adını daşımağa layiqdirlərmi? Küçədə buraxıb getdikləri uşaqlar onların vicdanını sızladırmı? Bir səhvin qurbanına çevirdikləri uşaqlar-ailə mühitinə həsrət uşaqlar onların yadına düşürmü?..

Fərqli talerləri yaşayan tək istəməyərəkdən dünyaya gələn uşaqlar olmur. Baxmayaraq ki, illərdir televiziyalar, qəzet, jurnallar qohum evliliklərinin ziyanlarından danışır, lakin hələ də cəfəng təfəkkürə malik ata-analarımız öz övladlarını qardaş-bacılarının övladları ilə evləndirməklə onların həyata sağlamlığı məhdud uşaqlar gətirməsinə səbəb olurlar. Belə olanda isə bəzi hallarda həmin uşaqlara sahib çıxmaq istəmir, onların internat evlərində böyüməsinə qərar verirlər. Qohumluq evliliyindən, hansı ki, yaxın qohumlar bir-birinə bacı-qardaş sayılır, utanmırlar, lakin sağlamlıq imkanları məhdud uşaqları ailədə böyütməkdən utanır, onu özlərindən kənarlaşdırırlar. Bu cür uşaqlar isə sağlamlıqlarını əlindən alan “ata-ana” deyilənlərin həm də sevgisindən kənarda böyümək, yaşamaq məcburiyyətində qalırlar.

Həmçinin cinayət törətmiş valideynləri haqqında hökm çıxarılan, hər iki valideynini itirib qohumları sahiblik etməyən uşaqlar da bu fərqli tale yaşayan uşaqlarla birlikdə həyatlarını bölüşürlər. Lakin onların bir fərqi var. Bu, görüşdür. Müxtəlif səbəblərdən uşaq evi və internatlarda yaşayan uşaqların valideynləri ilə görüşü. Təbii ki, bu da kiminə qismətdirsə...

Fərqli talelərin ünvanı

Uşaq evi və internatlar... Ailələr oxşar taleli, uşaq evi və internatlar isə fərqli taleli uşaqların ünvanıdır. İnternatlar belə uşaqların ilk evi, mənzilidir. Buradakı uşaqları bir-birinə bağlayan, isindirən, dostlaşdıran fərqliliyin yaratdığı oxşar taleləridir. Uşaq evlərində və internat məktəblərində çalışan qadınlar onların anası ola bilirlərmi? Ana sevgisini, istiliyini onlara yaşada bilirlərmi? Bəli, bu qalır onların vicdanına. Bir uşaq üçün anasından əziz ikinci insan ola bilmədiyini bilirik. Lakin bu müəssisələrdə qadınlarımız var ki, öz övladlarına verdiyi sevgidən bu uşaqlara da pay ayırır. İnternatlarda çalışan elə qadınlar da var ki, onlara sevgi vermir, vermək istəmir, bəzən də verə bilmir. Bax uşaqların bu cür ikinci analarla rastlaşmaları da onların talelərindəndir. Baxmayaraq ki, onlar bu sevgi, istilik üçün əmək haqqı alırlar, lakin əsirgəyirlər bu sevgini. Uşaq evi və internat məktəblərinə nə qədər nəzarət olunsa da, uşaqlarla müəllimlərin, tərbiyəçi – dayələrin münasibətləri diqqətdə saxlansa da, lakin bu, bir vicdan hissi, insanpərvərlikdir. Zorla sevgi olmayanda, olmur. Lakin vəzifə borcunu unudanlar haqqında da ciddi cəzaların olması vacibdir.

Düşünəndə ki, fərqli taleləri yaşamaq məcburiyyətində qalan bu uşaqların ünvanları uşaq evləri və internat evləridir, onların gələcək həyatda yaşamaq təməlləri də burada qoyulur, bu halda uşaq evi və internat məktəblərində çalışan ən kiçik vəzifəlidən tutmuş rəhbərlərədək, hər kəs öz işini ləyaqətlə həyata keçirməlidir. Çünki bu ünvanlarda böyüyən uşaqların gələcək həyatda səhvləri də, düzləri - uğurları həmin müəssisələrin adı ilə qoşa çəkiləcək. Bu müəssisələrdən ayrılan gənclərin həyatdakı uğurları ilə qürur duyub, kütləvi informasiya vasitələrinə müsahibələrində onların adını dəfələrlə vurğulayan insanlar, həm də sabah buradan ayrılan bir uşağın uğursuzluğunu gizlətməyə çalışacaq. Çünki hər iki uşaq onların yetirmələridir. Bu halda isə cəmiyyətdə belə bir fikir formalaşır ki, internat uşaqları bacarıqsızdır, tərbiyəsizdir. Lakin bu sözlər onların ünvanına yox, onların tərbiyəsi ilə məşğul olanların ünvanınadır.

Necə ki, ailələrimizdə böyütdüyümüz övladlarımızın bütün hərəkətlərinə, davranışlarına valideyn olaraq birbaşa cavabdehik, bu müəssisələrdəki uşaqlara da oradan əmək haqqı alanlar cavabdehdirlər. Uşaqların sabahkı həyatında olan istər müsbət, istərsə isə mənfi hallar bizlərin onları düzgün tərbiyə etməyimizdən və etməməyimizdən asılıdır.

Dövlət vətəndaşını düşünür

Müstəqilliyimiz ikinci dəfə bərpa olunandan sonra bütün sahələr kimi, uşaqların sağlamlığı, təhsili, reabilitasiyası da diqqətdə saxlanılan məsələlərdən oldu. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sığındığı uşaq evləri və internat məktəbləri də sovet dövründən qalma köhnəlikdən azad edilməyə başladılar.

Hələ 2000-ci illərin ilk onilliyindən başlayaraq ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi sarsıntı yaşamadan cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uşaq evlərinə və internat məktəblərinə göstərilən böyük diqqət onun Azərbaycanda sağlam təfəkkürlü insan cəmiyyətimizin yetişməsi sahəsində vətəndaşlıq mövqeyinin, nümunəvi vətənpərvərliyinin göstəricisidir. Bu baxımdan Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı xüsusi aktuallığa malikdir. Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəllərində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra bu proqramın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab edib. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən illərdə Heydər Əliyev Fondunun fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi diqqəti cəlb edib.

Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrindəki problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmiş, müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğundan ilk növbədə texniki dəstək istiqaməti üzrə işlərə başlanılmışdır. İndiyədək 30-dan artıq uşaq evi və internat məktəbində yenidənqurma və tikinti-təmir işləri aparılıb. Onların zəruri avadanlıqlarla təmin edilməsi, kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsi, müasir informasiya texnologiyalarının uşaqların ixtiyarına verilməsi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması, o cümlədən yay istirahət düşərgələrinin inşa edilməsi də diqqət mərkəzində olub.

Heydər Əliyev Fondu daim ölkəmizdə bütün uşaqların, həmçinin də bu qəbildən olan uşaqların yanında olub. Mehriban xanım Əliyevanı tez-tez uşaq evlərində, internat məktəblərində görmüşük. Hər gördüyümüzdə bu müəssisələrin inkişafı üçün yeni layihələr, işlər həyata keçirilib. Uşaqların sağlamlığı daim diqqətdə saxlanılıb. Bayramlarda uşaqlarla görüşmək, onlarla birlikdə vaxt keçirmək ənənə şəklini aldığından həmişə uşaqlar bayram tədbirləri üçün toplaşanda Mehriban xanımı gözləyirlər. Bütün bunlar isə böyük humanizm və insanpərvərlik nümunələridir. Uşaqlara olan bir qadın nəvazişi, bir ana sevgisi Mehriban xanım Əliyevanı hər kəsə sevdirən cəhətlərdir.

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün inşa edilmiş 50 mənzillik, 100 nəfərlik yaşayış binası ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yönəlmiş təqdirəlayiq tədbirdir. Belə ki, əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların sonrakı həyatını izləmək bir çox halda mümkün deyildi. Yeni yaşayış binası bu problemin həllinə xidmət edir. Bu, bir valideyn yanaşması, qədirbilənliyi, qızlarımızın qorunması üçün atılmış ən gözəl addımdır.

Bu layihəni həyata keçirməklə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etmək idi ki, həyata keçirilən tədbirlərdən günlərlə danışmaq olar.

Bəs cəmiyyət necə, bu sahədə dövlətimizə kömək edirmi?

Uşaq evləri və internat məktəblərində cəmiyyətimizin üzvlərinin tez-tez olması vacibdir. Bu, orada böyüyən və təhsil alan uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyasına bu gündən bir töhfədir. Lakin vəziyyət belədirmi? Əslində çox zəifdir. Bu müəssisələrə üz tutanlar çox azdır. Hansı ki, tələbəsindən tutmuş digər peşə, sənət sahiblərinin bu müəssisələrdə olmasının buradakı uşaqların dünyagörüşünə, intellektinə nələr bəxş edəcəyi ölçüyəgəlməzdir. Bu, mənəvi dəstəkdir, gəlin uşaqlardan əsirgəməyək.

Ölkəmizdə saysız iş adamları, sahibkarlar fəaliyyət göstərir. Onlar yaradılan şərait nəticəsində iş adamlarına, sahibkarlara çevriliblər. Uşaq evləri və internat məktəblərindəki uşaqlar da bu ölkənin vətəndaşlarıdır. Onlara qayğı göstərməkdə dövlətimizə kömək etmək hər kəsin borcudur. Çünki bu uşaqların gələcəyi hər birimizi düşündürməlidir.

Dövlətimiz bu müəssisələr və burada yaşayıb təhsil alan uşaqlar üçün ardıcıl tədbirlər həyata keçirir. Bu işdə iş adamları və sahibkarların da dövlətimizə kömək göstərməsi bu qəbildən olan uşaqların problemsiz gələcəyi deməkdir.

Müstəqil həyata qədəm qoyan gənclərin işlə, evlə təminatı məsələsindən danışarkən bu barədə qanun olduğunu vurğulamaq istəyirəm. Həmin qanunla onların mənzil və işlə təminatı tənzimlənir. Lakin elə hallar var ki, həmin uşaqlar mənzillə təmin oluna bilmirlər. Bəs bu halda onlar nə etməlidirlər?

Yuxarıda da qeyd etdiyimiz ki, qızların 18 yaşdan sonra yaşaması üçün bina tikilib. Bəs oğlanlar? Onlar da bir işin sahibi olunca, yaşayış üçün bir ev tapınca sığınacaqları bir yer olmalıdır axı. Belə bir bina oğlanlar üçün də tikilərsə, çox yaxşı olmazmı?

Həm qızların, həm də oğlanların işlə təmin olunmasını da diqqətimizdə saxlamaqla bu qəbildən olan uşaqları cəmiyyətimizin fəal üzvlərinə, problemsiz yaşayan təbəqəsinə çevirmiş olarıq. Onlar çox sayda deyillər ki... Hər sahibkar, hər iş adamı onların 5-10-na köməklik göstərərsə, məsələ öz həllini tapmış olar. Biz bütün məsələləri dövlətimizin həyata keçirməsinə buraxmamalıyıq. Biz dövlətimizə kömək etməliyik, gələcək cəmiyyətimiz naminə...

İkinci həyat...

Bəli, 18 yaşı tamam olan bu gənclər qarşısında artıq ikinci bir həyat başlayır. Düşünəndə ki, söhbət bir evin dörd divarı arasında böyüyüb, evdən bayıra çıxmayan, cəmiyyət arasında olmayan gənclərdən gedir, narahat olmaya bilmirsən. Çünki cəmiyyətə bələd olmayan gənc sözsüz ki, həyatın maneələrinə sinə gərməkdə çətinlik çəkəcəkdir. Belə olanda isə cəmiyyət onlara “internat uşaqlarıdır da, ta artıq nə gözləyirsiniz ki?”, - deyəcəkdir. Onları hansı ata-anaların dünyaya gətirməsi mövzuya çevriləcəkdir.

Lakin bu, heç də belə deyil. Hansı valideyndən dünyaya gəlməsinə baxmayaraq bu gün onları biz tərbiyə ediriksə, o valideynləri yox, özümüzü qınamalıyıq. Onlara təhsil verənləri qınamalıyıq ki, nə üçün internat məktəblərindən ali məktəblərə qəbul sayı az olur? Nə üçün bu statistikanı qarşısına qoyub araşdıran yoxdur? Nə üçün onlar ali təhsilli olmurlar ki, iş yeri tapmaqda problem yaşamayalar? Bax, bunları düşünməliyik.

Bu gənclərə ikinci həyatlarında hər birimiz köməklik göstərməliyik. Çünki onlar cəmiyyətimizin nümayəndələridirlər. Həyatdan, valideynlərindən, bir də alın yazılarından aldıqları zərbəni biz bir daha onlara endirməməliyik. Kimsəsizə əl tutmaq müqəddəs kitabımız Qurani-Kərimdən də nəsihətdir bizə. Onun savabları isə ölçüyəgəlməzdir.

İkinci həyat... Bu həyatı yaşayanlar ailə, övlad istəyərlər. Yaşamadıqları, yaşaya bilmədikləri hər şeyi istəyərlər. Lakin gücləri çatırmı buna? Xeyir, çatmır. Çünki biz valideynlər övladlarımızın arxasında ola-ola onların arzularını bəzən gerçəkləşdirə bilmirik. Bu uşaqların arxasında kim var? Gəlin biz olaq onların arxasında. Onları da övladlarımızdan biri hesab edək. Gücümüz çərçivəsində nə edə biliriksə, edək.

İkinci həyat onlar üçün çox təhlükəlidir. Onlar ehtiyacdan, təcrübəsizlikdən, bacarıqsızlıqdan səhv edə bilərlər. Gəlin himayədarlıq edək. Onları ailə, iş sahibi edək. Cəmiyyətimizin səhv etmiş nümayəndələrinin səhvini biz düzəldək. Sağlam gələcəyimiz, gəncliyimiz, varlığımız naminə...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə