Yağış yağır, inanmıram... FELYETON

Yağış yağır, inanmıram... Yox, mahnı oxumaq fikrim yoxdur, arxasını da eyniadlı mahnıda deyildiyi kimi, “yarım gözləyər məni” deməyəcəyəm. Yayın bu cırhacırında yağış yağır, mən də bu yağışın yağmasını gözləmədiyim üçün gözlərimə inanmıram. Bu səbəbdən belə deyirəm. Amma mən inansam da, inanmasam da fakt budur ki, yağış yağır, həm də hər gün.

Maraqlıdır, dünyada qlobal iqlim dəyişikliyi başlayandan bizim ölkədə də yağışlar demək olar ki, azalıb. Hələ yağış fəsli yazda, payızda normal yağış yağmır. Harda da qala yayda yağış yağa. Amma görmüşdük əvvəllər yay yağışlarını, arada ahəstəcə çiləyib havaya bir sərinlik gətirib keçirdi. Lakin son illər o yağışlar hara, yağdı hara... Lakin bu yay elə gün olmaz ki, yağış yağmasın. Yəni bunu görməyən də yoxdur. Düşünürəm ki, ay qlobal iqlim dəyişikliyi belə baş verdi, quraqlıq dünyanı ağuşuna belə aldı, deyənlərin yəqin bizdən xəbəri yoxdur, yoxsa belə yekdil qənaətə gəlməzdilər. Axı fakt budur ki, hər gün Bakıda yağış yağır.

Evdə oturduğun yerdə birdən gözün pəncərəyə sataşanda görürsən ki, damla-damla yağış atır. Yayın bu çağında buna sevinməmək olar? Həmin saniyə düşüncələrimizdən qəlblərimizin şairi Mikayıl Müşfiqin orta məktəb illərindən hamımızın sevə-sevə əzbərlədiyimiz, dillər əzbəri şeiri süzülür...

Yağış yağır, rəqs eyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Bir damlalarla şırıl-şırıl yağışların xəyalını qurursan. Şeirin ardı bu xəyallara hakim kəsilir...

Yağ, yağışım, sellənərək,

Sırmalanıb tellənərək!

Zümzümənlə şirin-şirin dillən, yağış,

Küçələrdə uşaq kimi yellən, yağış!..

Yağ, еy yağış, fikrim кimi, hissim kimi...

Sağ ol, ay yağış, nə gözəl duyğular gətirdin qəlbimə, deyib, minnətdarlıq da edirsən.

Sonra çıxırsan küçəyə, belə şiddətli isti havada yağış damcı-damcı üzünə, qollarına düşdükcə deyirsən, İlahi, iqlimə bax ey. Şükürlər olsun ki, belə gözəl iqlimdə yaşayırıq. Yenə də o şeirin misraları dolanır beynində...

Lakin çox keçmir ki, gerçək həyata qayıtmalı olursan. Və nə görsən yaxşıdır? Üzünə, qollarına düşən o damlalar heç də yağış deyilmiş, kondisionerlərin kanalizasiyaya axmalı olduğu halda, sənin üstünə axan tullantı sularıymış... Borusu hara gəldi qoyulan, binaların divarlarına, küçələrə, balkonlara axan su. Hündür mərtəbəli binalardan borusu küçəyə tuşlanan və bu borularla axıb bizə yağış təəssüratı yaradan su. Təəssüf, biz də “yağış yağır” deyə hər gün nə qədər sevinirdik. Kaş ki, xəyal deyil, gerçək olardı. Yağış yağardı. Üzümüzə, qollarımıza düşən o damlalar yağış damlaları olardı.

Lakin o yağış deyil. İslanıb quruduğumuz təbii yağış deyil. O tullantı suyudur, üzərimizə bir damlasının belə düşməsini haqq etmədiyimiz tullantı suyu. Çirkli havamızdan yaranan çirkli su. Paltarlarımızda ləkə buraxan su. Nə üçün bu suyu başına buraxırıq görəsən? Mağazalardan, marketlərdən, hündür mərtəbəli binalardan yağan bu yağışın qarşısını pulu yağış kimi qazananların almağa imkanları yoxdurmu? Xeyr, imkanları var, lakin məsuliyyətləri, bir də ətrafdakı insanlara qarşı sayğıları yoxdur. Yoxdur ki, evlərini, iş yerlərini, ofislərini, ticarət obyektlərini sərinlədən kondisionerlərinin borusunu kanalizasiya xəttinə birləşdirməyi artıq hesab edirlər. Düşünürlər ki, sudur da, nə olacaq, axıb hara gedir, getsin. Ya da düşünürlər ki, yağışın onların məsuliyyəti kimi yoxa çıxdığı bir zamanda yağış arzulayan insanlara “müsəllə” nəticəsi yaşadırıq da, ta nə istəyirlər ki...

Nə deyək, nə qədər ki, belə davam edir, bizim də yağış təəssüratı yaratmaqdan başqa çarəmiz qalmır... İnansaq da, inanmasaq da...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə