Britaniya və Hindistan arasında ticarət sazişi imzalanıb

Böyük Britaniya və Hindistan üç ildən çox davam edən fasilələrlə aparılmış danışıqlardan sonra tarixi ticarət sazişini imzalayıblar. Bu saziş Britaniya şirkətlərinə Hindistana viski, avtomobil və digər məhsulların ixracını asanlaşdıracaq, həmçinin Hindistandan geyim və ayaqqabı idxalına tətbiq olunan vergiləri azaldacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya hökumətinin verdiyi açıqlamada sazişin immiqrasiya siyasətinə, o cümlədən Britaniyada təhsil alan hindistanlı tələbələrə münasibətdə heç bir dəyişikliyi nəzərdə tutmadığı qeyd olunub.

Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds bildirib ki, bu sazişin Britaniya biznesi və istehlakçıları üçün faydası böyükdür.

Ötən il Britaniya ilə Hindistan arasında ticarət dövriyyəsi 41 milyard funt sterlinq təşkil edib və bu rəqəmin yaxın illərdə artacağı gözlənilir. Hökumət qeyd edib ki, yeni saziş 2040-cı ilə qədər ikitərəfli ticarətə əlavə olaraq illik 25,5 milyard funt sterlinq qazanc gətirəcək.

Nazir Conatan Reynolds ötən həftə Londonda Hindistanın ticarət naziri Piyuş Goyal ilə görüşərək sazişin son detallarını müzakirə edib. Sazişin qüvvəyə minməsi təxminən bir il çəkə bilər. Bundan sonra Britaniya istehlakçıları Hindistandan idxal olunan məhsullarda tariflərin azalmasından faydalanacaqlar. Bu məhsullar arasında geyimlə yanaşı, dondurulmuş krevetlər, zinət əşyaları və qiymətli daşlar da yer alır.

Saziş eyni zamanda Britaniya şirkətlərinin Hindistana ixrac imkanlarını artırmaqla iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Razılaşmaya əsasən, Hindistana ixrac olunan viskiyə tətbiq olunan tariflər 75 faizədək azaldılacaq və növbəti illərdə bu rəqəm daha da endiriləcək. Avtomobil, aviasiya, elektrik və bəzi ərzaq məhsulları, o cümlədən quzu əti, qızılbalıq, şokolad və biskvitlər üzrə də rüsumlar aşağı salınacaq.

Britaniya hökuməti bu sazişi ölkənin 2020-ci ildə Avropa İttifaqından ayrıldıqdan sonra imzaladığı ən böyük və iqtisadi baxımdan ən əhəmiyyətli ikitərəfli ticarət razılaşması adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə