Psixoloji problemlərin qarşısını necə almaq olar? - PSİXOLOQ İZAH ETDİ

"Gənclər arasında yaranan vəziyyətin daha çox tətiklənməsinə səbəb rəqəmsal dünyanın onların psixologiyasına təsiridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, bu gün rəqəmsal dünyadan istifadə, sosial şəbəkələrdə yayımlanan bloggerlərin şəxsi həyatı, bu həyatı yaxalamaq istəyi, bütün bu insanların həyatını yaşaya bilməmək, gözoxşayan bu dünya onları bütün arzu istəklərindən uzaqlaşdırır: "Özəlliklə də 18-25 yaş arası gənclərimizdə bu yaş dövründə daha çox hansı peşə fəaliyyətinin seçilməsi, hər hansı peşədə özünü təsdiq, meyarlar özünü dolğun göstərir deyə, onlar sanki daim mübarizədədirlər. İstəyirlər ki, özlərini cəmiyyətə sübut etsinlər. İlk növbədə valideynlərinin, sonra özlərinin tələbatları, istəkləri, arzularını ödəmək istəyirlər. Bəzən bu alınmır. Çünki çox rəngarəng bir həyatda yaşayırıq. İnformasiya bolluğu olan bir dönəmdə yaşayırıq. Sanki onların hamısından istifadə etmək istəyirlər.

Bu yaşda olan gənclər hər şeyi əldə etməyə tələsirlər. Bir çox şeylərə nail olmaq üçün cəhdlər göstərirlər. Alınmayanda isə stress yaşayırlar, depressiyaya düşürlər. Maddi durumun xəyallarında olduğu miqdarda olmaması onları arzu etdikləri həyatı yaşaya bilmələrinə maneçilik törədir. Çünki bir gəncin bu həyatda istədiyi çox funksiyalar var. Hansı ki, o funksiyaların hamısını hansısa bir gəncdə görür, onda qıcıq yaranır. Zehnində ona qarşı mübahisə yaranır. Bir növ o gənc rəqibi ilə yarış yaşayır.

İnsan həyatı bunların üzərində qurulub, insan daim müqayisələrlə yaşayır. Sözün əsl mənasında insan yaşamının fərqindəliyinə varsa, hər kəs öz həyatını yaşayır. İnsan nəyi düşünürsə, onu da, yaşayır. Amma bir çox insanların potensiallarında elə bir şey yoxdursa, başqalarının potensialına qibtə eləyir. Özü bir cəhd etmir, amma başqalarının apardığı mübarizəyə çox yanlış yanaşır. Üzülür, deyir ki, mən də o həyatı istəyirəm. O həyat olmadığı təqdirdə çox sarsılır. Bu yaş kateqoriyasında olan gənclərin keçmişi ilə bağlı olan travmaları olur ki, valideynim imkan versəydi, onu edərdim. Özləri bu qeyri-müəyyən dünyada bir şeyə əl atıb,nədənsə tutub müəyyən maraq meyillərini müəyyən edib bir işə getməkdənsə, kimisə günahlandırmaqda görürlər.
Bu, tarixən belə olub. İndiki dövrdə gənclər informasiya bolluğunda yaşayırlar deyə, onlar artıq bu həyatın içində sanki, ayaq barmaqlarının ucunu suyun dibinə qoyurlar, barmaqlarını qaldırırlar. Özlərini boğulmuş kimi hiss edirlər. Ona görə hər kəs həyatının fərqindəliyinə varsın. Nə üçün yaşayıram? Necə davranmalıyam? Missiyam nədir?".

Müəllif: Nuray Paşşanlı

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə