Cənubi Qafqazın ən qüdrətli Ordusu - ŞƏRH

İlk öncə qeyd etmək istərdim ki, müasir və güclü Azərbaycan Ordusunun bu günkü gündə ərsəyə gəlməsi Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.

Qüdrətli, yenilməz və müasir ordusu olan istənilən dövlətin müstəqilliyi də əbədi və sarsılmazdır. Ölkəmizin geniş dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, eyni zamanda formalaşdırılması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Ümummilli Liderin xalqın istəyi və təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı nəticəsində vəziyyət tamamilə dəyişildi. Demək olar ki, ölkənin bütün güc strukturlarının imkanları vahid mərkəzdə birləşərək, müdafiə qüdrətinin artırılmasında qətiyyətli dönüş yarandı. Heydər Əliyev ölkənin müdafiə və təhlükəsizlik məsələləri ilə əlaqədar müzakirə zamanı əbəs yerə deməmişdir ki, “Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir”. Bundan sonra tez bir zamanda Ölkəmizin Ordu quruculuğunun qanunvericilik bazası yaradılaraq - “Silahlı Qüvvələr”, “Hərbi xidmət”, “Müdafiə” haqqında və digər bu kimi güc strukturlarının vahid və mərkəzdən idarə edilməsi üçün bir sıra qanunlar və normativ aktlar qəbul edilmişdir. Nəticə etibarı ilə Ordu quruculuğunda yeni mərhələ yarandı. Günü-gündən güclənən Azərbaycan Respublikasının digər sahələri ilə paralel olaraq Ordu Quruculuğunda da qətiyyətli dönüş yaranmağa başlamışdır.

Zaman sonra “Ata vəsiyyətini yerinə yetirmək mənim üçün bir borc və şərəfdir” deyərək bu barədə danışarkən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qarabağı Azərbaycandan ayıra biləcək mexanizmin mövcud olmayacağını diqqətə çatdırmış və Ordumuz onun həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə çevril­mişdir. Ordumuzun döyüşə hazırlıq səviyyəsinin daim yüksək olması, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, təlim sisteminin mütərəqqi metodlarından istifadə etməsi, təhsilin və elmin günün tələbləri səviyyəsinə yüksəldilməsi Azərbaycan Ordusunun qarşısında dayanan bütün vəzifələri yerinə yetirməsinə imkan vermişdir. Məlumdur ki, Ordu dövlətin əsas elementlərindən biri və onun mövcudluğunun təminatıdır. Bu səbəbdən müasir və güclü ordu­su olmayan ölkələr risklər qarşısında qalır.

Sabitlik və dinamik inki­şafla yanaşı, müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də məhz güclü Ordunun yaradıl­masıdır. Qaçılmaz haldır ki, Vətən Müharibəsi zamanı Ordumuz kosmik sənayemizin im­kanlarından da yararlanmışdır. Bu zaman döyüş əməliyyatlarında müasir silahlardan olan PUA, eləcə də yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən geniş miqyasda istifadə olunmaqla yanaşı, peyk texnologiyasının üstünlüklərindən də istifafə olunmuşdur. Bir sözlə, belə hal Azərbaycanda ordumuzun sistemli şəkildə, gündən-günə keyfiyyətcə gücləndiyini göstərən daha bir göstəricidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və çoxplanlı, uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu eraya inamla qədəm qoyaraq, onu uğurla inkişaf etdirir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun müasir silah və hərbi texnika ilə təmin edilməsi yüksək səviyyədə həyata ke­çirilmişdir. Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərdə müasir hərbi infrastukturun yara­dılması işi də yüksək səviyyədə aparılmışdır. Bunun bariz nümunəsidir ki, Ordunun peşəkarlığının artırılması üçün istənilən hərbi vəzifəni yerinə yetirə biləcək “Komando” hərbi hissəsi yaradılmışdır. İşğaldan azad edilmiş Xocavənd rayonunda yerləşən bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Və bu o deməkdir ki, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Böyük fəxr hissi ilə vurğulanmalıdır ki, Azərbaycan Ordusunun yenilməz qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması silahlı qüvvələrimizin gücünü bütün dünyaya birdaha göstərdi. Bu unudulmaz tarixi qələbə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyevin sarsılmaz iradəsi və qalib Azərbaycan Ordusunun qəhrəmanlığı və Xalqın birliyi nəticəsində qazanılmışdır. Hazırda Azərbaycan Ordusu ölkə rəhbərliyinin daimi dəstəyi ilə çox yüksək inkişaf səviyyəsindədir. Bütün bu diqqət və qayğı nəticəsində Azərbaycan ordusu davamlı olaraq güclənir, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlir, döyüş qüdrəti artır. 44 günlük İkinci Qarabağ müharibəsi bu həqiqəti bir daha təsdiqlədi. Müzəffər ordumuzun 30 il­lik işğala son qoyması həm də bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz yeni nəsil silahlarla müharibə aparmaq qüdrətindədir və ordumuz bundan sonra da Azərbaycanın keşiyində dayanacaqdır.

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
Ərazi partiya təşkilatının sədri,
Vətən Müharibəsi Qazisi

Bütün xəbərlər Facebook səhifəmizdə