“Azərişıq” Şamaxının 2 kəndinin elektrik şəbəkəsini yenidən qurub

“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

SİA-nın “Azərişıq” ASC-yə istinadən verdiyi məlumata görə, yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 km-a yaxın 10 kV-luq, 1 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 km-a yaxın 10 kV-luq, 5 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.

Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə