Oynaq ağrılarını azaldan qidalar hansılardır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Oynaq ağrıları, əsasən, yaşlılarda müşahidə olunur. Lakin hazırda bir çox yaşlarda bu problem ortaya çıxır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, adətən, bu problemə oynaqlarda baş verən iltihablaşma səbəb olur:

“Yaşlılarda isə bir çox səbəblərdən yarana və ağrısı bir neçə müddət keçməyə bilər. Bir çoxlarında isə ağrıyla bərabər sərtlik və qızarıqlıqlarla da müşahidə olunur. Mütləq şəkildə bunu aradan qaldırmaq üçün problemin mənbəyini, kökünü araşdırmaq lazımdır. Buna görə də əgər dincəldikdə, soyuqdəymədən qorunduqda, yəni isti yerlərdə ağrı keçirsə, artıq bu oynaq ağrıları yüngül səbəblərdən ortaya çıxan ağrılar kimi qəbul edilir. Davamlı olaraq, mütəmadi şəkildə təkrarlanırsa, bu zaman müalicəyə ehtiyac var. Həm də bu proses müəyyən bir zaman ərzində əməliyyatla da nəticələnə bilər. İlk növbədə, mütləq şəkildə problemin nədən qaynaqlandığını tapmaq vacibdir.

Oynaq ağrılarına yaxşı təsir edə biləcək bir çox qidalar var. Təxmini olaraq bu qidaları sıralasaq ən birinci aloe veranın yağından istifadə oluna bilər. Bunu yüngül şəkildə ağrı olan nahiyələrə sürtmək olar. Daha sonra yaşıl çay da faydalı ola bilər. Çünki yaşıl çay orqanizmdə olan iltihabların aradan qaldırılmasına kömək olur. Zəncəfil də oynaq ağrıları üçün faydalı hesab olunur. Mütləq şəkildə ağartılardan istifadə etmək lazımdır. Təbii qızılgül dəmlənməsi də xeyirlidir, həftədə üç dəfə, sadəcə, gül dəmləməklə ağrıları azaltmaq olar.

Mütləq şəkildə kilo alıb-verməyə də diqqət etmək lazımdır. Çünki bu zaman orqanizmin balansı da pozulur.

Eyni zamanda, ayağı ayağın üzərinə qoyub, oturmaq da oynaq ağrılarını şiddətləndirir.
Gün ərzində ən azı 1 saat yerimək, üzgüçülük, velosiped və yoqa ilə məşğul olmaq da oynaq ağrıları üçün xeyirlidir. Bundan əlavə hər gün duş qəbul etmək də oynaq ağrılarına müsbət təsir göstərən amillərdəndir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə