Təhsili “yola vermək” olmaz, bu, bir strategiyadır - MÜSAHİBƏ

Jurnalist-ekspert Rövşən Rəsulovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-Bəziləri vahid məktəbli formasını biznesin yeni növü kimi təqdim edir. Bu belədirmi?

- Mən məktəbli formasının əlehinə deyiləm. Lakin bir məsələni qeyd edim ki, bu formanın tətbiqinin də müəyyən çərçivəsi olmalıdır. Müəyyən dərəcədə yuxarı sinif şagirdləri məktəbli formalarını dəbləşdirirlər. Bu dəbləşdirmə prosesi diqqət yayındırır. Bunun üçün valideyn evdə qızının məktəbli formasının tərzini dəyişməyə imkan verməməlidir. Yəni, bir qız üçün məktəbli formasının ətəyi dizdən aşağı nəzərdə tutulubsa, onu dizdən yuxarı qaldırmaq lazım deyil. Bu heç nəyi dəyişməyəcək. Bunun əvəzinə övladınızın təhsilinə diqqət etsəniz daha yaxşı olar. Bundan əlavə yeni formanın verilməsi nəyi dəyişəcək? Burada biznes marağı var. Marağın fərqli məktəblərdə bölüşdürülməsi təhsilin ikinci, dəbin isə birinci plana keçməsini göstərir.

- Məktəblərdə ciddi problemlərdən biri də kişi müəllimlərin az olmasıdır. Bu nədən qaynaqlanır?

-Kişi müəllimlərin əksəriyyəti ya idman, ya da əmək müəllimidir. Müəllimlik artıq qadın peşəsinə çevrilib. Kişilərin marağı digər sturukturlarda daha çox qazanc əldə etməkdir. Müəllimlərin maaşı da təəssüf ki, elə də ürəkaçan deyil. Onlar bu maaşla sosial həyatlarını yüksək səviyyədə təmin edə bilmirlər. Kişi müəllimlərin də belə maaşlı işlərə marağı yoxdur. Onlar bu səbəbdən müəllim olmaq istəmir.

- Pandemiya təhsilə zərbə vurdu və müəllim-şagird əlaqələrinə ciddi təsir göstərdi. Ölkədə təhsilin vəziyyəti bu gün hansı səviyyədədir?

- Gəlin etiraf edək ki, ölkə təhsilindəki vəziyyət yaxşı deyil. Pandemiya dövründə bu vəziyyət daha da pisləşdi. Pandemiya şagirdlərin daha öncəki biliklərini də əllərindən aldı. Mənim övladım da pandemiya dövründə onlayn təhsil aldı və məktəbdə 2-3 qiyməti alan uşaqlar onlayn dərsdən 4-5 qiyməti alırdı. Müəllim özü də hər şeyin fərqində idi. Bu sadəcə özünü aldatmaqdır. Bu da pandemiyanın təhsilə vurduğu zərbələrdən biridir. Təhsili “yola vermək” olmaz. Bu bir strategiyadır.

- Son günlər yeniyetmələr və ya məktəbli uşaqlar intihara niyə meyl edir?

- Bu ondan irəli gəlir ki, həmin uşaqlar öz problemlərinə görə cəmiyyətdən təcrid olunurlar. Onlar daxilindəki problemi nə valideynə, nə də psixoloqa danışa bilirlər. Məktəbdə müəllimlər psixologiya dərsi keçir. Bu dərsin məqsədi şagirdin psixoloji durumunu müşahidə edərək üzə çıxamaqdır. Burada müəllimin də üzərinə ciddi öhdəliklər düşür.

- Direktorların fəaliyyəti ilə bağlı nə düşünürsünüz?

- Direktorlar özlərini ağa kimi hiss edirlər. Hələ ağa sözü burada zəif səslənir.

- Gənclər məktəb və ya universitetdən sonra asudə vaxtlarını necə keçirməlidir?

- İlk növbədə, Azərbaycan gəncliyi Azərbaycan mühitinə və azərbaycançılıq maraqlarına uyğun şəkildə həyat tərzini qurmalıdır. Bəli, gənclər əylənməlidir. Amma hər şeyin öz çərçivəsi var. Gənc gecə klubuna gedib min oyundan çıxmalı, “İphone”yə görə özünü 4-cü mərtəbədən atmalı və istədiyi geyimlə camaatın gözünə girməli deyil. Azərbaycan gənci örnək olmalıdır. O gələcəyin ailə başçısı və dövlət qurucusudur. Oğlan gənc qulağına sırğa taxmalı, qız gənc parklarda qazonların üzərinə uzanıb min oyundan çıxmalı deyil. Qızlar parkın skamyalarında yer olduğu halda insanların gözü önündə oğlanın qucağında oturmalı deyil.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə