Kadr islahatı necə həyata keçirilməlidir? - ARAŞDIRMA

İş yeri qaydaları iş yerinin üslubuna, görülən işə, iş yeri siyasətinə və bir çox amillərə görə dəyişə bilər. Kadrların əməl etməli olduğu qaydalar hər bir iş yerində əsasən eyni olsa da, işin keyfiyyətinə uyğun olaraq daha sərt qaydalar da tətbiq oluna bilər.

Ümumiyyətlə, iş yerinə aid olan maddələrə əməl edilmədikdə, işəgötürənin təzminat və xəbərdarlıq etmədən işdən çıxarmaq hüququ var. Ənənəvi qaydalar kortəbii şəkildə inkişaf edən və ənənəyə sadiq qalan qaydalardır. Bunlar yazılmayıb və hər kəsə aiddir. Bu qaydalar zaman, iş yeri şəraiti və cəmiyyət tərəfindən müəyyən edilir.

Ümumiyyətlə, ənənəvi qaydaları aşağıdakı kimi sadalaya bilərik:

- Həmkarlara, işəgötürənlərə və rəhbərlərə hörmətlə yanaşmaq,

- Korporativ ünsiyyətdə hörmətli olmaq, biganə davranmamaq,

- İşin başlama və bitmə vaxtlarına, gəliş və gediş vaxtlarına diqqət yetirmək,

- İşi sahiblənmək və onu öz iş yeri kimi görmək,

- Dürüst olmaq,

- İş yerində sui-istifadə halları barədə işəgötürənə məlumat vermək.

Ümumiyyətlə, hər kəsə aid olan qaydalar bunlardır:

- İşəgötürənin özünə, həyat yoldaşına və ya ailə üzvlərindən hər hansı birinə qarşı hörmətsiz davranmama, təhqir və söyüşlər işlətməməsi,

- Digər işçilərə cinsi təcavüz etməyə cəhd etməmək,

- Alkoqol və ya narkotik vasitələrdən istifadə edərək iş yerinə gəlməmək,

- İşəgötürənin etibarını sarsıdacaq hərəkətlərin edilməməsi

- Səbəbsiz yerə işə getməmək

- Ona tapşırılan işi və ya tapşırığı tamamlamaq

- Əməyin mühafizəsi və təhlükəsizliyi məsələlərinə diqqət yetirmək,

- İş saatlarına uyğunluq,

- İş yerində işin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş alət və avadanlıqların saxlanması və ehtiyatlı istifadə edilməsi,

- İşəgötürən üçün məxfi olan məlumat və ya sənədləri üçüncü şəxslərlə paylaşmamaq,

İş qaydalarından danışmışkən bu məqama da diqqət etmək lazımdır. Dünyada şirkət sahibləri rəhbər vəzifəyə təyin edilərkən hansı qayda və qanunlara riayət etməlidir? Günümüzdə bəzi şirkət sahibləri rəhbər vəzifəyə təyin edilən kimi köhnə işçiləri işdən çıxararaq onları yeniləri, daha doğrusu öz tanışları ilə əvəz edir. Bəs, bu tendensiya nə dərəcədə düzgündür? Belə halların qarşısı necə alınmalıdır? SİA məsələ ilə bağlı araşdırma apararaq deputat, hüquqşünas və ekspertlərin mövzu ilə bağlı fikirlərini öyrənib.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin deputatı Vüqar Bayramov: “Nəzərə alsaq ki, şirkətdə çalışan adam uzun müddət təcrübə yığır və şirkətdə kadr dəyişikliyi baş verirsə həmin təcrübədən istifadə edilməsinə ehtiyac var. Xüsusən bir sıra inkişaf etmiş ölkələrdə sığorta mexanizmi var və şirkətə yeni gələn rəhbər həmin işçiləri işdən çıxarmaqda maraqlı olmur. Bu sığorta sisteminin mövcudluğu ilə bağlıdır.

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, bir sıra hallarda yeni rəhbərlər yeni komanda ilə işləməyə üstünlük verir. Bu baxımdan daha məqsədəuyğun olardı ki, köhnə, xüsususən də ixtisaslı kadrlardan və təcrübədən istifadə olunsun. Bu şirkətin və dövlətin inkişafı baxımından çox vacibdir”.

Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu: “Bu heç düzgün tendensiya deyil. Hər bir işçiyə onun bacarığına uyğun qiymət vermək lazımdır. Bir müəssisənin direktorunun dəyişməsi o müəssisənin sisteminin dəyişməsi demək deyil. Orada işləyən köhnə işçilər artıq peşəkara çevrilib. Niyə başqa rəhbərliyin dövründə işlədiyi üçün yeni rəhbər onu işdən çıxarmalıdır?! Bu heç bir qanunla tənzimlənmir. Həmçinin, qaydaya da uyğun deyil.

Bu Korrupsiya Haqqında Qanuna da ziddir. Doğrudur, bu qanunda göstərilir ki, rəhbər şəxs öz yaxın qohumunu nəzarətində olan qurumda işə götürə bilməz. Lakin rəhbər yaxın qohumunu işə götürməsə də, dostunu-tanışını götürür. Belə iş olmaz. Əgər bir adam mütəxəssisdirsə, öz işinin öhtəsindən layiqincə gəlirsə onun kiminsə qohumu olmağının məsələyə nə dəxli var?! Hər kəs şirkətə və onun inkişafına xidmət etməlidir”.

Hüquqşünas Fariz Əkbərov: “Bu gün müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox şirkət aparıcı kadrların olmaması problemi ilə qarşılaşır. Belə bir problemin həlli üsullarından biri şirkətinizdə idarə kadrlarını inkişaf etdirməkdir.

Demək olar ki, hər vəziyyətdə şirkət rəhbərinin əsas məsuliyyəti əlaqələri idarə etməkdir. Konkret olaraq, müştəri münasibətlərini idarə edir, işgüzar münasibətlərə meyllidirlər və şirkətin strateji missiyasını və uzunmüddətli baxışını inkişaf etdirməyə çalışırlar.

İlk növbədə həm rəhbər özünə, həm də başqalarına hörmət etməyi bacarmalıdır .

İşçi mühitdə yaranmış münaqişələrin həlli, həll edilməsi və qarşısının alınması bacarığı müvəffəqiyyətli rəhbərin əsas prioritetidir. Buradakı əsas vəzifə, işçilər arasında əmək uğuruna nail olmaq üçün əlverişli sağlam bir mühit yaratmaqdır. Komanda çox dost deyilsə, bu menecerin səlahiyyətinə zərbə vurmaq, bütün səylərini məhv etmək və hətta bütün komandanın işinə təsir göstərə bilər.

Hər inkişaf etməkdə olan şirkətdə, heyəti genişləndirmək və vəzifələri yenidən bölüşdürmək üçün sadəcə ehtiyac duyulduğu bir dövr gəlir.

Şirkət direktoru böyük səlahiyyətlərə və məsuliyyətlərə sahib bir insandır. Buna əsasən, o, şirkət direktorunun bütün tələblərinə tam əməl etməli, ticarət əlaqələrini inkişaf etdirməli və genişləndirməli və mövcud iş planına əməl etməlidir”.

Deputat Fazil Mustafa: "Bu özbaşınalıqdır. Həmçinin konstitusiyaya və qanuna ziddir. Heç bir məmuru da səbəbsiz yerə işdən çıxarmaq olmaz. Yeni rəhbərin köhnə işçilərə əsassız olaraq toxunması düzgün deyil. Bunu dəfələrlə müzakirə etmişik. Bizdə elə bilirlər ki, iş yeri onun dədəsinin mülkiyyətidir və ona uyğun hərəkət edirlər. Vətəndaşlar məhkəməyə şikayət edərək öz hüquqlarını qorusunlar. Çünki bu Əmək Məcəlləsinə də zidd bir addımdır".

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Zərintac Maisqızı: “Bəli, bu tez-tez müşahidə olunan haldır. İşçi əgər işində dürüst və məsuliyyətlidirsə onu işdən çıxarmaq yanlışdır. Bu insan çörəyinə bais olmaqdır.

Yeni rəhbər iş sistemini qaydaya salmalıdır. Işçi baxımından yox, digər məsələlərdə yenilik lazımdır. Texniki və maliyə məsələləri həll olunmalıdır. İşçini işdən çıxarmaq insanlığa yaraşmır və üstəlik də öz tanışlarını düzəltmək məqsədi ilə olursa”.

Şəhər sakini Röya Vahabova: “Rəhbər olmaq, bu vəzifəyə layiq olmaq hər adamın işi deyil. Rəhbər olacaq adam liderlik xüsusiyyətlərinə sahib olmalı, kollektivi idarə etməyi bacarmalıdır. Bu mənim dostumdu deyib hər kəsi rəhbər təyin etmək olmaz. Rəhbərliyin də bir üsulu, qaydası olmalıdır. Rəhbər birinci növbədə necə rəhbər olacağını bilməlidir.

Dünyanı deyə bilmərəm amma çox təəssüf ki, bizdə vəzifəyə gələn dost necə yaxşı rəhbər olacağını yox, necə yaxşı pul aşıra biləcəyini düşünür. Mən həmişə deyirəm ki, diplomun bir önəmi yoxdur. Önəmli olan bilik, bacarıqdı. Bilik qazanmaq istəyən hər yerdə qazanır. Ona görə rəhbər təyin edəndə öncə düşünsələr ki, bu adamın rəhbərlik qabiliyyəti varmı? Onda daha gözəl olmazdımı? Əgər sənin dostun bacarıqlıdırsa, yaxşı rəhbər olacaq niyə də rəhbər olmasın? Amma sırf dost-tanış olduğu üçün vəzifəyə təyin etmək mənə görə insanın öz vicdanına xəyanətidir”.

Şəhər sakini Yunis İsrafilov: “Rəhbər vəzifəyə təyin olduqdan sonra, ilk işi öncəki rəhbərin idarəçilik üsullarını, hansı addımlarını atdığını, şirkəti necə idarə etdiyini öyrənmək istəyir. Yeni rəhbər vəzifəyə təyin olunduğu zaman öncəki rəhbər çox vaxt bir müddət müavin şəklində rəhbərin yanında hərəkət etməli olur. Yeni rəhbər vəzifənin necə idarə olunma formasını tutduq sonra özünə yeni müavin təyin edir. Bundan sonra onun işçilər içində necə islahatlar aparacağı çox maraqla gözlənilir, öncəki rəhbərdən işçilərin vəzifəsini öyrənsə də özünə məxsus bir neçə islahat apararaq, öncəki rəhbərdən daha güclü olduğunu göz önünə almağa çalışır. Bunun Avropa üçün doğru olduğunu düşünmürəm ona görə ki, Avropa da əksər iş adamları vəzifəyə rəhbər təyin edərkən, qohumluq bağından çox qazanacaqları maliyyəni düşünürlər”.

Şəhər sakini Nərgiz Xəlilli: “Ümumiyyətlə, rəhbər şəxs daha əvvəldən bütün vəzifələr üzrə çalışıb irəli getməldir. İstənilən şirkətdə bütün işlərdən xəbərdar olmaq üçün ən aşağı vəzifələrdə belə çalışmalıdır. Bu zaman işə tam hakim bir rəhbəri görə bilərik.

Bununla yanaşı o, işçilərlə daha rahat empatiya qurub, problemlərini görüb həll edə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə