Tərbiyə ailədən, yoxsa məktəbdən başlayır? - ARAŞDIRMA

Uşağı tərbiyə etmək prosesinə nə qədər tez başlasanız, bir o qədər təsirli olar. Bu prosesdə uşaqları təzyiq və məcburiyyətlə tərbiyə etməyə çalışmaqdansa, onları fərdi xüsusiyyətlərinə görə ayırd edib tanımaq lazımdır. Xüsusilə, hər bir uşağın xüsusi və fərqli olması prinsipi ilə hərəkət etmək, onun mükəmməl nəticə əldə etməsi üçün əvəzolunmazdır. Bu ideya ilə yola çıxan pedaqoq və ya valideyn uşaqların möhkəm təməllər üzərində tərbiyə olunmasında ilk addımı atmış olacaq.

Uşaq tərbiyəsində sosial olmaq lazımdır. Yəni, uşağa fərdi təlim verərkən, eyni zamanda sosial meylləri də inkişaf etdirmək vacibdir. Bu yolla o, eqoistlikdən azad olur. Sosial tərbiyəni bir az da konkretləşdirmək üçün sosial qaydalar, adət-ənənələr, ictimai münasibətləri qazana bilmək uşağın yalnız şəxsi mənafeyini düşünməsinə mane olur, onun cəmiyyətə faydalı şəxsiyyət olmasına dəstək olur. Qazandıqları keyfiyyətlərlə cəmiyyətin qaydalarına əməl edən, üsyankar olmayan uşaqlar cəmiyyətə faydalı olmaq yolu ilə irəliləyirlər.

Uşaq tərbiyəsinin elementləri hansılardır?

Uşaqları tərbiyə etməyə çalışarkən, insanı insan edən dəyərlərdən başlamaq və təhsilə hər cür dəstək vermək lazımdır.

Bəs, tərbiyə haradan başlayır? Bəzi insanlar bunu məktəbin, əksəriyyət isə valideynin boynuna yükləyir. Təbii ki, hər ikisinin fərd yetişməsində müəyyən qədər rolu var.

Doğrudur, ailə hər şeydir və hər şey də ilk öncə ailədən aşılanır. Amma belə bir həqiqət də var ki, indiki bəzi uşaq və gənclərlə heç ailə də bacarmır. Onların əksəriyyəti valideynə hörmət etmir.

Günümüzdə kifayət qədər dərsdən qaçan, oxumayan, parklarda sevgililəriylə gəzən, siqaret çəkən, alkoqol alüdəçisi olan şagirdlər var. Ən əsas məqam isə bunları oğlanlarla yanaşı qız şagirdlərin də etməsidir. Yanlış yanlışdır. Təbii ki, heç birinə haqq qazandırılmır.

İndiki şagirdlərdə oxumağa da bir o qədər istək yoxdur. Əksəriyyət “qohum-qonşu nə deyər” düşüncəsi ilə az balla da olsa, bir universitetə qəbul olmaq istəyir.

Bu yaşda olan uşaqlarla valideyn dost olmalı, onları qınamaq əvəzinə övladları ilə dərdləşməli, onu dinləməyi bacarmalıdır. Bu yolla gələcək üçün sağlam və tərbiyəli fərd yetişdirmək mümkündür.

SİA məsələ ilə bağlı araşdırma apararaq təhsil eksperti, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Psixoloq Fidan Namazova: “Uşağın tərbiyəsi birbaşa ailədən asılıdır. Məktəb, əsasən, təlim və təhsil ilə məşğul olur uşaqlara ümumi davranış qaydaları, mədəniyyət və cəmiyyətdə davranış ilə tanış edir. Eyni şeyi evdə görməyən uşaq tərbiyəli ola bilməz.

Məktəbdə müəllim heyətinin bir-birinə və uşaqlara olan davranışı onlara bir nümunə və örnək olur. Müəllimə əgər tərbiyəsiz və mədəniyyətsiz davransa, danışığında nalayiq söz və ya söyüşlər istifadə edərsə, şagirdə pis örnək vermiş olacaq.

Amma çox vacibdir ki, uşaq təhsil müəssisəsinə tərbiyəli gəlsin. Yəni, şagirdin tərbiyəsinin təməli və davamı ilə ailə məşğul olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov: “Zaman artıq yeni təfəkkürü, yeni təhsil idarəetmə, şagirdə və məktəbə modern münasibəti istəyir. Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində yürütdüyü məqsədyönlü siyasət ölkəmizdə modern düşüncəyə, yeni dünyəvi təfəkkürə, eyni zamanda, milli-mənəvi dəyərlərə, şüura əsaslanan təhsil strategiyasını həyata keçirmək, insan kapitalını inkişaf etdirmək, intellekt resurslarını artırmaq üçün kifayət qədər geniş imkanlar verir.

Aydındır ki, məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir. Eyni zamanda bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır.

Təəssüflər olsun ki, hal-hazırda ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin heç də hamısı müasir çağırışlara cavab vermir. Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlmirlər.

Məktəb sabahın vətəndaş emalçısıdır və bu fikrin düsturunu ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, mükəmməl insani və idarəetmə keyfiyyətləri ilə yaratmış, Azərbaycan vətəndaşında müasir düşüncənin, təfəkkürün önündə getmək missiyasını üzərinə götürmək prinsiplərini aşılamışdır. “Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsi müasir məktəbin ideoloji və fəaliyyət istiqamətini müəyyənləşdirir.

Aydındır ki, məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir. Eyni zamanda, bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır. Məktəb bütün əldə olan resurs və vasitələrdən səmərəli şəkildə istifadə edərək bu müxtəlifliyi lazım olan məcraya yönəltməyi bacarmalıdır. Məktəb sabahın vətəndaş emalçısıdır və bu fikrin düsturunu ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, mükəmməl insani və idarəetmə keyfiyyətləri ilə yaratmış, Azərbaycan vətəndaşında müasir düşüncənin, təfəkkürün önündə getmək missiyasını üzərinə götürmək prinsiplərini aşılamışdır. “Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsi müasir məktəbin ideoloji və fəaliyyət istiqamətini müəyyənləşdirir.

Müasir nümunəvi məktəb şagird marağını və məmnunluğunu maksimum təmin etməyə çalışmalı, şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirərək cəmiyyətin inkişaf tempinə və tələblərinə cavab verən insan-vətəndaş formalaşdırmalıdır. Bunun üçün strateji hədəflər müəyyənləşdirilməli, beynəlxalq əlaqələr minimum maddi vəsait hesabına ən azından internet resursları vasitəsi ilə həyata keçirilməli, şagirdlərin marağına cavab verən dərslər təşkil olunmalıdır. Şagirdə, əslində, yeni düşüncə keyfiyyətlərinə malik modern insana əvvəlki üsul və metodlarla yanaşma sözün bütün mənalarında cücərən bu beyinin sıradan çıxmasına gətirib çıxarar. Müəllim yeniliyi şagirddən əvvəl mənimsəməli, onun maraq və istəklərini təmin etməli, təhsil strategiyamızın müddəalarını ardıcıl, sistemli və məqsədəmüvafiq formada aşılamalıdır”.

Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: "Azərbaycanda da digər ölkələrdə olduğu kimi tədris və təlim-tərbiyə işlərində müəyyən problemlər yaşanır. Sosial şəbəkələr və internet inkişaf etdikdən sonra uşaqlar bütün bunlardan məktəblərdə də istifadə etmək həvəsinə düşüblər.

Əslində, bunun günahı təkcə uşaqlarda deyil, hamımızdadır. Müəllimlər də, məktəbdəki digər işçilər də valideyndirlər. Eyni zamanda, valideynlər də müəllim olmalıdır. Əgər valideyn uşağa evdə nəzarət etmirsə, yanlış şeylərə etirazını bildirmirsə, uşaq da hər cür tərbiyəsizlik nümayiş etdirər.

Həmçinin, xarici kinolardan cinsi azlıqların, əxlaqsız qadınların geyimlərini örnək götürə bilirlər. Ümumiyyətlə, geyim özünü ifadə etmə formalarından biri sayılır. Ümumilikdə ədəb qaydaları, sosiallaşma, ictimai yerlərdə özünü aparma qaydaları ailə mədəniyyətini nümayiş etdirir. Ona görə də, bizim gənclərin yetişməsində müəyyən problemlər ortaya çıxır. Bunu yalnız məktəbin və ya valideynin günahı hesab etmək olmaz. Əgər uşaqların fərdə çevrilməsini istəyiriksə, təhsil müəssisələri texnologiyanı pedaqoji tərbiyə vasitəsi kimi istifadə etməlidir. Təhsillə yanaşı tərbiyə, əxlaq, sosiallaşma kimi qaydaları da uşaqlara aşılamaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə