Yunanıstanlı diplomatlar Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunublar
“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi uğurla davam edir. Son təxliyə əməliyyatlarında Yunanıstanın İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları da yer alıblar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam şəkildə təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış beynəlxalq prosedur və qaydalara uyğun şəkildə həyata keçirilib. Yunanıstanlı diplomatlar “Astara” dövlət sərhədinin buraxılış məntəqəsində Azərbaycan tərəfindən nəzakətlə qarşılanıb, onların sənədləri yoxlanılıb, ilkin tibbi nəzarət aparılıb və daha sonra xüsusi nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətində yola salınıblar.
Qeyd edək ki, Azərbaycan son günlərdə bir sıra ölkələrin vətəndaşları və diplomatik nümayəndələrinin İrandan təhlükəsiz təxliyəsini təmin etməklə beynəlxalq ictimaiyyətin etimadını bir daha qazanıb. Bu proses Azərbaycanın humanitar prinsiplərə sadiqliyini və regional sabitliyə verdiyi töhfəni nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə