Gənclər bu cür əməllərdən uzaq olsunlar - NƏQLİYYAT EKSPERTİ DANIŞDI

Gənclər bu cür əməllərdən uzaq olsunlar - NƏQLİYYAT EKSPERTİ DANIŞDI

“Son zamanlarda avtoxuliqanlıq edən gənclərin sayı əvvəlki illərə nisbətən xeyli azalıb”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, avtoxuliqanlıq edən gənclərin çoxu ətrafındakıların təsirinə məruz qalaraq bunu edirlər: “Dostları onları ürəkləndirir, lazımsız yerə avtoxuliqanlığa vadar edir. Amma ümumilikdə əvvəlki illərə nisbətən xeyli azalma var. Çox təəssüflər olsun ki, avtoxuliqanlıq törədən gənclər içərisində narkotik vasitələrin təsiri altında olanlara daha çox rast gəlinir. Düşünürəm ki, bu əməlləri sosial şəbəkələrdə paylaşmaq özünü cəmiyyətə göstərmək, nümayiş etdirmək anlamına gəlir. Gənclər sanki bu əməllərlə özlərini digərlərindən fərqləndirməyə çalışırlar. Amma çox yaxşı olardı ki, həmin gənclər bu cür əməllərdən uzaq olsunlar. Onlar özlərini cəmiyyətə savadı, biliyi, yaxşı işləri ilə tanıtsınlar. Avtoxuliqanlıq artıq heç kəsi təəccübləndirmir. Nəzərə almaq lazımdır ki, bunun sonu yoxdur. Ən yaxşı halda cərimə və sürücülük hüququndan məhrumetmə cəzası alacaqlar. Ən pis halda isə ölüm, xəsarət və inzibati həbs ilə nəticələnəcək. İnzibati həbs o deməkdir ki, o gəncin həyatında həbsxanaya bir qapı açılacaq və bu da həmin gəncin gələcəkdəki həyatı üçün təhlükə yaradacaq. Ona görə də bu əməllərdən maksimum uzaq durmaq lazımdır. Burada valideynlər də məsuliyyətli olmalıdırlar. Övladlarına nəzarət etməlidirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə