Qohum evliliyinin fəsadları nədir?

“Bəzən qohum evliliyinin müsbət tərəflərinin olduğu deyilsə də əslində isə heç bir müsbıt tərəfi yoxdur. Əksinə bu çox yanlış bir addımdır. Bəlkə də 30-50 il əvvəl üçün qohum evliliyi doğru idi”.

Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, amma indi cəmiyyət o qədər qəlizləşib ki, insanlar heç öz qohumlarını belə yaxından tanıya bilmirlər: “Ümumiyyətlə dərindən düşündükdə insanın öz əmisi, dayısı qızı ilə evlənməsi ayıbdır. Çünki uşaqlıqdan yaxın münasibət olur və onlar bacı-qardaş kimi böyüyürlər. Hətta bu cür situasiyalarda deyərdim ki, uşaqlıqdan bəri ailələr öz uşaqlarını qısqanırlar. Lakin bizdə bu cür adətlər olmasaydı, bu zaman həmin uşaqlar da bacı-qardaş kimi normal böyüyər və əlaqələr də normal şəkildə inkişaf edərdi. Bütün bunlar prosesin əxlaqi, mənəvi tərəfidir. Lakin bununla yanaşı məsələnin sağlamlıq tərəfi də mövcuddur. Hazırda hara baxırsan uşaqlar müxtəlif fəsadlardan əziyyət çəkir. Ümumiyyətlə xəstəliyin mütləq şəkildə anadan olan kimi üzə çıxacağı fikri də düzgün deyil. Bəzən bu proses də müəyyən yaş hədlərində özünü büruzə verir. Məsələn mənim çox yaxından tanıdığım, respublikanın tanınmış xanımlarından birinin qardaşı öz əmisi qızı ilə evlənmişdi və 30 yaşında böyrəkləri çürüməyə başladı. Məlum oldu ki, buna səbəb qohum evliliyi imiş. Hətta anasının böyrəyi uşağa köçürüldü. Bu isə yanlış bir addımdır. Çünki valideynin böyrəyini övlada köçürmək olmaz. Bütün bunlara baxmayaraq uşağı da xilas edə bilmədilər. Eyni zamanda istər-istəməz kiçik problemlər də yaranır. Hətta bəzən deyilənə görə, problem uşağın özündə deyil, onun uşağında belə üzə çıxa bilər. Mən bir ailə tanıyıram ki, 3 övladıları var. Bu üç uşağın hər biri xəstədir. Axı bütün bunların yaşanacığı bilindiyi halda insanları qohum evliliyinə nə məcbur edir?

Digər bir tərəfdən fikirləşin ki, niyə xristianlarda belə bir adət yoxdur? Yəni bu yaxşı xüsusiyyət olsaydı digər millətlərdə də olardı. Burda böyük bir qəbahət var ki, o dinin sahibləri bu prosesi daha yaxşı anlayıb və buna imkan verməyiblər. Bütün bunlar mal-mülk hesabınadır. Çünki keçmişdən belə olub ki, insanlar qohum evliliyi edərək mülkün başqasına qalmasının qarşısını alıblar. Amma düşünmək lazımdır ki, iki gənc evlənirsə əsas onların xoşbəxtliyidir. Ailənin xöşbəxtliyi isə ilk öncə sağlamlığa bağlıdır.

Məsələ ilə bağlı həkim genekoloq Ləman Əliyevanın da fikirlərini öyrəndik:

“Çox təəssüf ki, qohum evliliklərinə sıx-sıx rast gəlinir. Qohum evliliyi edən insanların valideynləri ancaq özlərini fikirləşirlər və bu prosesin heç bir müsbət tərəfi yoxdur”.

Onun sözlərinə görə, lakin gələcəkdə doğulacaq körpələrin aqibətini düşünmürlər: “Bütün problemlə doğulan, genetik xəstəliklər, sonradan yaranan xəstəliklər, fiziki və əqli qüsurlu nə qədər uşaqlar varsa onların qohum evliliyindən doğulma riski digər haldan qat-qat yüksəkdir. Bu hələ sadəcə məsələnin risk hissəsidir. Ümumiyyətlə gündəlik olaraq qohum evliliyi nəticəsində dünyaya gəlmiş uşaqlarda əqli gerilik daun sindromu genetik xəstəliklər və.s rast gəlirik. Təəssüf ki belə hallarla çox rastlaşırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə