Hadrutun işğaldan azad edilməsi Şuşaya yolumuzu açdı - DEPUTAT

Hadrutun işğaldan azad edilməsi Şuşaya yolumuzu açdı - DEPUTAT

Azərbaycan Prezidenti, Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin doğum gününü işğaldan azad edilmiş Hadrutda yeni inşa edilmiş hərbi hissədə qeyd etməsinin xüsusi önəmi var. SİA mövzunu Milli Məclisin deputatı Aydın Hüseynovla davam etdirir.

“Hadrut Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Həm də Qarabağın dağlıq hissəsinin cənub qapısı sayılır. 44 günlük müharibə zamanı da Hadrutun hərbi nöqteyi-nəzərdən nə qədər önəmi olduğu bir daha üzə çıxdı. Hücum əməliyyatlarına cəbhənin mərkəz istiqamətindən yox, cinah hissəsindən başlamaq planı təbii ki, Cənab Prezident İlham Əliyevə məxsusdur. Bu plan Ali Baş Komandanımızın peşəkarlığından xəbər verir. Zərgər dəqiqliyi ilə hazırlanmış planın birinci hissəsi 30 il ermənilər tərəfindən tikilmiş istehkamların yarılması oldu. Ordumuzun birləşmələri bunun öhdəsindən məharətlə gəldi. Öndə Cəbrayıl şəhəri, növbəti hədəf isə strateji nöqtədə yerləşən Hadrut şəhəri idi. Çünki Hadrutun işğaldan azad edilməsi Şuşaya yolumuzu açırdı. Ali Baş Komandanımızın dediyi kimi, əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etdi. Dağlarla əhatə olunmuş Hadrutu azad etmək böyük məharət, peşəkarlıq və düşünülmüş taktiki plan tələb edirdi. Çünki mənfur düşmən 30 il ərzində bütün ərazilərdə güclü istehkamlar, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Qarabağ bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”, deyə A.Hüseynov qeyd edib.

Deputat bildirib ki, Hadrutun azad edilməsindən sonra Ordumuz şərəfli missiyasını davam etdirdi: “Hadrut silahlı qüvvələrimizin tam nəzarəti altında olsa da, qəsəbənin ən uca yerində üçrəngli Azərbaycan bayrağı dalğalansa da Ermənistanın yalan maşını dayanmadan bu ərazilərin hələ də onların nəzarətində olduğunu israrla bildirir, erməni əhalisini sakitləşdirməyə çalışırdı. Erməni lobbisinin parası ilə işə salınmış media qurumlarının yalanları da çox irəli gedə bilmədi, anındaca ifşa edildi. Və bundan sonra Ermənistan ordusunda fərarilik halları artdı, 10 mindən artıq erməni əsgər silahlarını, döyüş texnikalarını atıb qaçmağa başladılar. Əksinə, Azərbaycan Ordusundakı yüksək əhval-ruhiyyə, vətənpərvərlik ruhu, Vətənə olan bağlılıq səbəbindən bir nəfər də fərari olmadı. Məhz bu keyfiyyətlər səbəbindən Müzəffər Ordumuzun xoş sədası dünyanın uzaq ölkələrindən gəldi, Ordu və xalqın birliyindən doğan fədakarlıqlar, qəhrəmanlıqlar haqqında əfsanələr dolaşdı. Göstərdik ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq. Vətən müharibəsi Ordumuzun və xalqımızın əyilməz iradəsini göstərdi.

Beləliklə, Qarabağımızın baş tacı, mədəniyyətimizin beşiyi Şuşaya yolumuz açıldı. Füzulinin azad edilməsindən sonra Şuşaya doğru irəliləyən ordumuzun sağ cinahına istiqamətlənmiş təhlükə də qismən azaldı. Həm də Silahlı qüvvələrimizin Arazboyu istiqamətdə sürətli həmlələri daha da intensivləşdi, Zəngilan və Qubadlı və Laçın rayonunun cənubunda yerləşən kənd və qəsəbələr işğaldan azad edildi. Ali Baş Komandanımız İlham Əliyevin dəfələrlə Ermənistan rəhbərlərinə müəyyən şərtlər altında müharibəni dahandırmaq, insan itkisinə məruz qalmamaq üçün etdiyi təkliflər isə cavabsız qaldı. Əvəzində Ermənistan mənfur xislətindən əl çəkmədi, uzaqmənzilli raketlərlə müharibə zonasından 100 kilometr uzaqda olan kənd və qəsəbələrimizi atəşə tutdu, nəticədə yüzdən artıq dinc sakin günahsız yerə həlak oldu. Budur Ermənistanın xisləti. Əksinə biz bütün müharibə qanunlarına əməl edərək yalnız hərbi obyektləri hədəfə aldıq. Bunu sübut etmək üçün işğaldan azad edilmiş ərazilərə səfər etmək, ermənilərin törətdiyi vandalizm əməllərini öz gözlərimizlə görə bilərik. Bəli, Ermənistan silahlı qüvvələrinin işğalından keçən 30 il ərzində ermənilər yalnız dağıtmaqla, məhv etməklə, yandırmaqla, Azərbaycana və azərbaycanlılara məxsus mədəni abidələri, evləri, məktəbləri, səhiyyə ocaqlarını yer üzündən silməklə məşğul olublar. Özlərinin əvvəllər yaşadıqları kənd və qəsəbələrdə belə heç bir quruculuq işi aparmayıblar. Bu ərazilərdə məskunlaşan ermənilərdən yalnız xarici ianələrin axınını təmin etmək üçün istifadə ediblər.

Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Xarici ölkələrin tanınmış ali hərbi məktəblərində bu əməliyyat haqqında tələbələrə danışılır. Əsgər və zabitlərimizin qəhrəmanlığından danışılır. Bəli, qəhrəmanlarımız bizim başımızı uca etdilər, bizi 30 illik işğaldan azad etdilər, mərd, haqqına sahib çıxmağı bacaran xalq olduğumuzu bütün dünyaya sübut etdilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə