Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib - ONLAR KİMDİR?

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Nazir müavini İndira Hacıyevanın qısa tərcümeyi-halını təqdim edirik:

İndira Niyazi qızı Hacıyeva 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat və fizika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir işləyib.

2001-ci il iyunun 1-də Gənclər, İdman və Turizm Nazirliyində Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı vəzifəsinə təyinat alıb. 2001-ci il sentyabrın 1-dən 2003-cü il oktyabrın 24-dək Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

27.02.2006-19.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi işləyib.

01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

01.01.2012-ci ildən bu ilin sentyabrına kimi isə adı çəkilən nazirlikdə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

İ.Hacıyeva Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

22 iyun 2016-cı il tarixli sərəncamla isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.

Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.

Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.

Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomuna (2019) layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə